Azərbaycan hökumətinin əsas hədəfi və ambisiyası milli iqtisadiyyatının mürəkkəbliyinin artırılmasıdır.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Baku ID" (Baku İnvestment Day) festivalında bildirib.
Onun sözlərinə görə, bu, təkcə daha çox məhsul və xidmət deyil, daha çox əlavə dəyərli məhsul və xidmətlər istehsal etmək deməkdir: "Bunun açarı düşünürəm ki, istedad, texnologiya və ekosistemin birləşməsidir. İnsan amili həlledicidir, bir şərtlə ki, imkan yaradan siyasət, mühit və ekosistem mövcud olsun".
Nazir Dünya İqtisadi Forumu (DİF) ilə əməkdaşlığın uğurla davam etdiyini də vurğulayıb: "Biz Dünya İqtisadi Forumu ilə əməkdaşlıq təcrübəmizdən çox məmnunuq. Bu, bir neçə il əvvəl ölkə Prezidenti və Forumun İdarəedici Direktoru arasında memorandum imzalanması ilə başladı və Azərbaycanda ilk IV Sənaye İnqilabı mərkəzi ofisinin yaradılmasına gətirib çıxardı. Şəxsən mən İş Yerlərinin Yaradılmasının Sürətləndirilməsi proqramının işində iştirak etmək şərəfinə nail olmuşam. Hesab edirəm ki, müzakirəmizin mərkəzində duran mövzu təkcə Azərbaycan üçün deyil, hər bir iqtisadiyyat üçün kritik və vacibdir".
O, əlavə edib ki, əmək bazarında tələblər sürətlə dəyişir: "İstedad haqqında danışarkən, istedadın tərifi, hətta savadlı və yaxud bacarıqlı işçinin tərifi elə indi, danışdığımız bu anda dəyişir. Mövzu əmək bazarı nöqteyi-nəzərindən çərçivələnsə də, hesab edirəm ki, bu perspektiv bir qədər məhdudlaşdırıcı ola bilər, Auditoriyada olan bir çox insanın bu dəyişikliklərin daha geniş nəticələrini dərk etdiyinə inanıram".
.
