"Sabah City"də aparılan tədqiqatların kommersiya məhsullarına və xidmətlərinə çevrilməsi hədəflənir.

Bunu Elm və Təhsil Nazirliyinə məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin baş direktoru Nihat Məcidov "Baku ID" (Baku İnvestment Day) festivalında bildirib.

Onun sözlərinə görə, düzgün icmanı yerləşdirmək üçün ilk öncə infrastruktur lazımdır: "Biz infrastrukturumuzu hazırkı 5 hektardan 20 hektara qədər, 20 000 kvadratmetrdən 100 000 kvadratmetrə qədər genişləndirmək istəyirik. Universitetin kampusunu, tədqiqat-inkişaf laboratoriyalarını, ofis sahələrini və birgə iş zonalarını daxil etməyi planlaşdırırıq. İkinci məqsəd insan kapitalıdır. Biz artıq üç aparıcı yerli universitetlə müvafiq proqramların birgə hazırlanması, universitetlərin innovasiyaya təşviq edilməsi və tələbələrin öz potensiallarını innovasiya ekosistemi üçün istifadə etməyə həvəsləndirilməsi istiqamətində işləyirik".

N.Məcidov qeyd edib ki, digər hədəf kommersiyalaşdırma ilə bağlıdır: "Sabah City" yalnız binalardan ibarət deyil. O, tərəfdaşlarımızla birlikdə hazırlanmış proseslərdən və proqramlardan ibarətdir. Bunlara startap dəstəyi, texnologiya transferi və kommersiyalaşdırma proqramları daxildir. Lakin innovasiya sənaye və hökumətin dəstəyi olmadan baş verə bilməz, buna görə də biz istəyirik ki, "Sabah City" sənayemiz, nazirliklər və agentliklər üçün müraciət edilən bir yerə çevrilsin. Biz regiondakı həmkarlarımızla işləyirik ki, "Sabah City"ni Azərbaycana daxil olan texnologiya şirkətləri üçün yumşaq eniş platformasına və xaricə genişlənən Azərbaycan şirkətləri üçün start meydançasına çevirməyi nəzərdə tuturuq".

.