Minimum əmək haqqının gəlir vergisindən azad olunması təklif edilib.
Belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Vüqar Bayramov çıxış edib.
Deputat deyib ki, əksər dövlətlərdə minimum əmək haqqı gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur: “Həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunmasın sosial təminat baxımdan da məqsədəuyğundur. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əmək haqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik. Həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əmək haqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Belə ki, bu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu o deməkdir ki, bu halda 2500 manatadək əmək haqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər. Uzun müddətdir ki, dövlət sektorunda gəlir vergisi intervalları dəyişmir və iqtisadiyyatın inkişafına uyğun olaraq 2500 manatlıq həddin 4 min manatadək qaytarılması məqsədəuyğun olardı. Bu da dövlət sektorunda da əmək haqqı artımına gətirib çıxarar”.
.
