Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun modern.az-a verdiyi məlumata görə, növbəti iclas aprel ayının 4-də baş tutacaq. Onun sözlərinə görə, gündəliyə 17 məsələ daxil olunub.
Parlament rəsmisinin dediyinə görə, onlardan biri "İnsan alverinə qarşı milli koordinatorun illik məlumatı haqqında” sənəddir. Bundan başqa, bir çox qanunlara dəyişikliklər nəzərdə tutulub.
""Tibbi sığorta haqqında", "Texniki təhlükəsizlik haqqında, "Sahibkarlıq fəaliyyəti haqqında”, "Qeyri-dövlət, özəl mühafizə fəaliyyəti haqqında”, "Nəqliyyat haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Avtomobil yolları haqqında”, "Avtomobil nəqliyyatı haqqında”, "Daşınmaz əmlakın dövlət reysteri haqqında” qanunlara dəyişiklik edilməsi nəzərdə tutulub. Bundan əlavə, "Dövlət qulluqçularının icbari sığortası haqqında Azərbaycan respublikası qanunun ləğv edilməsi barədə” qanun layihəsi də gündəliyə təklif olunub. "Azərbaycan Respublikası və İraq Respublikası hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında sazişin təsdiq olunması barədə" qanun layihəsinə, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yəni ümumilikdə gündəliyə 17 məsələ daxil edilib”, – deyə A. Təvəkküloğlu qeyd edib.
Qeyri-rəsmi mənbələrdən virtualaz.org-a daxil olan məlumata görə, parlamentin növbəti iclası da qalmaqallı olacaq. Öyrədilmiş bəzi deputatların Ədalət Partiyasının sədri İlyas İsmayılovu hədəfə alacaqları bildirilir. Məlumata görə, böyük ehtimalla onlar İ.İsmayılovun ölkənin baş prokuroru vəədliyyə naziri olduğu dövrün "təftişini” aparacaqlar.
Xatırladaq ki, parlamentin ötən iclası məhz İ.İsmayılovla spiker Oqtay Əsədov arasındakı qalmaqalla yadda qalmışdı. Hökumətin hesabatı müzakirə olunarkən deputatın dedikləri spiker tərəfindən çox kəskin reaksiya ilə qarşılanmış və nəticədə onlar arasında qarşıdurma yaranmışdı. Sonrakı günlərdə isə İ.İsmayılov mətbuata geniş müsahibə verərək O.Əsədovu həddini aşmaqda, vəzfə səlahiyyətlərini bilməməkdə və s. ittiham etmişdi.
Parlamentin növbəti iclasında məhz həmin ittihamlara cavab veriləcəyi proqnozlaşdırılır. Bu isə növbəti qalmaqal deməkdir.
.