44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda apardığımız savaş bütün beynəlxalq qanunlara görə ədalətli idi. Azərbaycanın Qələbəsi, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsinin nəticələri vəziyyəti kökündən dəyişməklə yanaşı, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu.

Bu fikirləri Utro.az-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Prezident İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi.

Ötən gün BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edən Prezident İlham Əliyev də məhz bu məqama toxunub. Görüşdə Prezident İlham Əliyev bir daha Ermənistanla aparılan əvvəlki danışıqlardan söz açaraq dedi ki, BMT TŞ-nın daimi üzvü olan beş ölkədən üçünün ATƏT-in Minsk qrupuna həmsədrlik etməsinə baxmayaraq 28 il ərzində lazımı imkanlar çərçivəsində heç bir əməli iş görülmədi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Çünki Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, MQ həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, müharibə baş verməzdi. Lakin Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdı. İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, bərpa dövrü.

Həqiqətən də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Azərbaycan bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa beynəlxalq təzyiq belə göstərilmədi. Həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik-siyasi yollarla nizamlamağa uğursuz cəhdlər etmişdi. Nəticədə, etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayaraq, işğal altındakı torpaqlarını azad etdi.

Bu gün Ermənistanın müdafiəsinə qalxan, erməni lobbisinin əlində alətə çevrilən dövlətlər və siyasi mərkəzlər yaxşı anlayırlar ki, status məsələsini ortaya atmaqla Azərbaycana təsir edə bilmələri qeyri-mümkündür. İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Artıq Azərbaycanın həyatında yeni dövr – quruculuq, torpaqlarımızın bərpası dövrü başlanıb. 30 ilə yaxın dövrün işğalının Ermənistana nə verdiyini yalnız və yalnız bir sözlə ifadə edə bilərik ki, uğursuzluq.

Ermənistan Azərbaycanla eyni vaxtda müstəqillik qazansa da işğalçı dövlət formal müstəqilliyi ilə diqqət çəkib. Asılı vəziyyətdə yaşayan bir ölkənin güclü iqtisadiyyatdan, ordudan danışması qeyri-mümkündür. İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb. Bundan sonra da bütün istiqamətlərdə böyük inkişaf qaçılmazdır.

.