“Cinsi təcavüzə məruz qalmış, dünyaya uşaq gətirmiş 11 yaşlı qızın adının bir sıra KİV-lərdə yayılması, ümumiyyətlə, bu xəbərlərin belə geniş tirajlanması yolverilməzdir. Bu, həm qanunvericiliyə, həm də jurnalistlərin peşə etikasına ziddir”.
 

Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə. Amaşov deyib ki, ümumiyyətlə, son zamanlar bu tipli xəbərlərə mətbuatda tez-tez rast gəlinir: “Hətta bundan əvvəl atanın öz qızlarını zorlaması barədə xəbərlər yayıldı. Digər tərəfdən, müxtəlif cinayət əməlləri ilə bağlı azyaşlıların adlarının mətbuatımızda açıq şəkildə yazılması hallarına rast gəlinir. Bu, tamamilə yanlışdır. Dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən Azərbaycan qanunvericiliyində və jurnalistlərin peşə etikası kodeksində bu məsələ açıq şəkildə əksini tapıb. Əgər yetkinlik yaşına çatmamış şəxslər cinsi istismara məruz qalıbsa, yaxud cinayət törədibsə, KİV-də onların adları hallanmalı deyil. KİV-də cinsi istismara məruz qalmış uşaqların, yaxud cinayətdə iştirak etmiş azyaşlıların adlarının açıqlanması faktiki həmin uşaqların gələcək həyatlarını da risk altında qoymaq deməkdir. Bununla həmin KİV-lər həm Azərbaycan qanunvericiliyini, həm də peşə etikasını pozur”.

Mətbuat Şurasının sədri məsələnin mənəvi tərəfinə daha çox diqqət yetirilməli olduğunu vurğulayıb: “Əgər dünya praktikasına baxsaq, belə hadisələr mediada az işıqlanır. Ümumiyyətlə, belə hadisələr çox az baş verir, amma oxucu marağı neqativ hadisələrə daha çox köklənir. Həmin xəbəri qeyd olunan formada yazan KİV-lər oxucuları daha çox cəlb etmək üçün bu sayaq addımlar atırlar. Həmin KİV-lərin əksəriyyəti qanunlardan və peşə etikasından xəbərdardırlar. Sadəcə, belə xəbərlər verməklə populyarlıqlarını artırmaq məqsədi güdürlər. Beləliklə, insanları maarifləndirmək əvəzinə bu sayaq halların təbliğinə yol verilir. Ona görə də dünya mediasında bu sayaq xəbərlərlə bağlı kifayət qədər ehtiyatlı davranılır, çox az verilir və bu halda maarifləndirmə əsas məqsəd olur”.

Ə. Amaşov bu tipli xəbərlərdə KİV-lər üçün informasiya mənbəyi rolunda çıxış edən orqanların da məsuliyyət daşıdığını söyləyib: “Hansı qurumlar bu xəbərləri yayırlar? Ola bilsin ki, bu hadisə baş verib, amma bu barədə xəbərlərin yayılması, zərərçəkənlərin adlarının göstərilməsi yolverilməzdir. İndiki halda 11 yaşlı uşaqla bağlı həm hansısa qurumların informasiya mənbəyi rolunda çıxış etməsi, həm də KİV-lərin zərərçəkmişin adını göstərməklə xəbər yayması düzgün deyil”.

Ə. Amaşov Mətbuat Şurasının KİV-ləri hər zaman bu yöndə maarifləndirməyə xüsusi diqqət yetirdiyini də söyləyib: “Biz bu yaxınlarda intiharlarla bağlı KİV-lərin rəhbərlərinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə tədbir keçirdik. İntiharlar, azyaşlı uşaqların cinsi təcavüzə, zorakılığa məruz qalması bir-biri ilə bağlı olan məsələlərdir. Biz bu məsələləri mütəmadi müzakirə edir, tövsiyələrimizi veririk. Yaxşı olar ki, bir sıra KİV-lər manipulyasiya ilə məşğul olmasın. Bu sayaq məsələlərin mətbuatda belə işıqlandırılmasının pis nəticələrini həmişə gözümüzün önünə gətirməliyik. Bir daha vurğulamaq istəyirəm ki, həm qanunvericilik, həm də peşə etikası, həm də xalqımızın mənəvi dəyərləri baxımından bu sayaq məsələləri təbliği xarakterdə vermək və zərərçəkənlərin adlarını açıqlamaq tamamilə yolverilməzdir”.

.