İran Prezidenti Məsud Pezeşkian 11 günlük kəsintidən sonra internetə giriş məhdudiyyətinin aradan qaldırılmasına çağırıb.

Bu barədə "Swissinfo" EFE-yə istinadən məlumat yayıb.

"Onlayn ticarəti asanlaşdırmaq və kommunikasiya məhdudiyyətini aradan qaldırmaq üçün İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə mümkün qədər tez internetə girişi bərpa etməyi tövsiyə etdim", - deyə M.Pezeşkian bildirib.

Bundan əlavə, o, ötən ilin sonundan ölkəni bürüyən etirazlarda saxlanılan iştirakçıların işlərinə xüsusi diqqət və ədalətlə baxılmasına çağırıb.

"Son hadisələrlə bağlı saxlanılan şəxslərin işlərində maksimum dəqiqlik və ədalət üstünlük təşkil etməlidir", - deyə İran Prezidenti qeyd edib və əlavə edib ki, qətllərdə və zorakı əməllərdə günahkar olan başçılar və təqsirlilər ən kiçik güzəşt olmadan müvafiq məhkəmə orqanları qarşısına çıxmalıdırlar.

Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin sonunda iqtisadi vəziyyətin pisləşməsi, xüsusən də milli valyuta kursunun kəskin düşməsi səbəbindən başlamışdı. Sonradan aksiyalar iğtişaşlara çevrildi. Məlumata görə, polis və nümayişçilər arasında toqquşmalar zamanı 3 mindən 5 min nəfərə qədər insan həlak olub, 10 mindən çox insan həbs edilib.

 

.