Kreditlərlə bağlı yaranmış bütün problemlər olduğu kimi qalır

Vaxtı keçmiş kreditlərin həcmi 0,3 faiz azalıb. Mərkəzi Bankın iyulun 1-nə olan məlumatına görə, problemli kreditlərin həcmi 877,6 milyon manat və ya ümumi kredit portfelinin 5,2 faizini təşkil edir. Bundan əvvəlki ayda isə əhalinin qaytarılmayan kreditin həcmi 905 milyon manata qədər yüksəlmişdi ki, bu, ciddi narahatlıq doğururdu. Mərkəzi Bankın pul-kredit siyasətində etdiyi korrektələrə baxmayaraq, bankların problemli kreditlər məsələsinin daha da dərinləşməsi sual doğrurdu. Yəni kredit siyasətində məhdudiyyətlərin tətbiqi, faiz dərəcələrinin aşağı salınması istiqamətində atılan addımlar məhz vaxtı keçmiş kredit probleminin həllinə yönəlmiş qərarlar idi.
Bəzi ekspertlər ABM qərarlarının nəticəsini ilin ikinci yarısından sonra görmək mümkün olacağını proqnozlaşdırırdılar. Lakin bu da faktır ki, ötən ilin 5 ayı ərzində müştərilər tərəfindən banklara qaytarılmayan vəsaitlərin həcmi 112,2 milyon manata qədər yüksəldi. Hər ay üçün təqribən 22,4 milyon manat düşür. Ötən il aylar üzrə bu nisbət 4-5 milyon manat təşkil edirdisə, bu il problemli kreditlərin sürətlə artması anlaşılan deyildi. İqtisadçılar problemin dərinləşməsinin nədənini bankların bahalı kredit siyasəti yürütməsi, əhalinin sosial-iqtisadi vəziyyətinin aşağı olması ilə izah edirdilər.
Bütün bunları nəzərə alan Mərkəzi Bank uoçt dərəcələrini 3,5 faizə qədər endirdi. Bu o deməkdir ki, bankların istifadə etdiyi mərkəzdləşdirilmiş kreditlərin faizləri ucuzlaşıb. Amma hələ ki, prosesin bankların təqdim etdiyi kreditlərin faiz dərəcələrinə təsirləri hiss olunmur. Bu baxımdan iqtisadçılar Mərkəzi Bank tərəfindən atılan addımların ilin ikinci yarısından sonra hiss ediləcəyini deyirdilər. Artıq problemli kreditlərlə bağlı tempin aşağı düşməsi proqnozların nisbətən doğrultduğunu göstərir. Prosesin faiz dərəcələrinə nə dərəcədə təsir göstərəcəyini isə zaman göstərəcək.
Qeyd edək ki, iyulun 1-i üçün ölkə üzrə ümumi kredit qoyuluşunun həcmi 16,7 milyard manat olub.
Xidmət və ticarət sektoruna - 14,5 faiz Kənd təsərüfatı və emat sahəsinə - 4,5 faiz İnşaat və əmlak sektoruna- 13,6 faiz Sənaye və istehsal sektoruna - 11,7 faiz Nəqliyyat və rabitəyə- 3,5 faiz Ev təsərrüfatlarına - 40,7 faiz Daşınmaz əmlakın tikintisinə və alınmasına - 5,7 faiz ayrılıb.
Göründüyü kimi, portfeldə əsas yük yenə də istehlak kreditləri təşkil edir. Halbuki ki, proqnozlara görə bu tip kreditlər azalmalı idi. Əksinə, əvvəlki aylarla müqayisədə bu istiqamətdə artım müşahidə edilir. Məsələn, ilin əvvəlində istehlak kreditlərin həcmi 6,3 milyard manat təşkil edirdisə, iyun ayında bu rəqəm 6,8 milyard manata qədər artıb.
Əhalinin banklara yatırdığı depozitlərin həcmi isə 13,9 milyard manat olub. Mərkəzi Bankın məlumatını təhlil etdikdə, iri şəhərlər və regionlar üzrə balans yenə də pozulub. Həm kredit, həm də əmanət qoyuluşunda Bakı maksimum üstünlüyə malikdir. Belə ki, respublika üzrə 6,7 milyard manatlıq əmanətin 6,2 milyardı və ya 92,5 faizi Bakının payına düşür. Kredit qoyuluşlarına gəlincə, 16,7 milyardlıq 14 milyardı və ya 84 faizi Bakıda cəmləşib.
Sevindirici haldır ki, zərərlə işləyən bankların sayı azalıb. Belə ki, AMB-ın aprel ayının məlumatında belə bankların sayını 11 göstərilirdi. Lakin iyulun 1-nə zərərlə işləyən maliyyə təşkilatların sayı 8-ə düşüb. Lakin ötən ilə nisbətən zərərlə işləyən bankların sayı iki dəfə artıb.
Mərkəzi Bank dövlətin ipoteka proqramının icra vəziyyətinə dair də məlumat verib. Məlum olur ki, hökumət bu istiqamətdə ödənişləri azaldıb. İlin əvvəlindən indiyədək dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitin həcmi cəmi 10 milyon manat təşkil edib. Həmin vəsait isə mart ayında ayrılıb. Ondan sonra bu istiqamətdə köçürmələr naməlum səbəbdən dayandırıldığı göstərilir. Ekspertlərin fikrincə, büdcədən iyul ayı üzrə 30 milyon manat İpoteka Fonduna köçürülməlidir. Bu haqda daha geniş məlumata isə AMB-nin növbəti ay üçün statistik bülletenindən tanış lola biləcəyik.
Lakin banklar vasitəsilə ümumi ipotekaya yönəldilən kreditlərin həcmi cəmi 62,2 milyon manat təşkil edib. Onun da 56,6 milyon manatı İpoteka Fondunun yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmidir. Bu o deməkdir ki, vətəndaşların kommersiya yönlü bu tip kreditlərə marağı kifayət qədər azdır. Əlbəttə, bunun başlıca səbəbi faiz dərəcələrinin kifayət qədər baha olmasıdır ("Bizim yol").
.