Yola saldığımız 2021-ci il dünyada iqtisadi, siyasi, humanitar sahədə qeydə alınmış bir sıra mühüm hadisələrlə yadda qaldı. Bu il baş verən əsas hadisələri bir daha xatırlayaq.

Bu ilin ilk hadisəsi Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması (“Brexit”) oldu.

Britaniyanın 2020-ci ilin yanvar ayından Aİ üzvlüyündən çıxmasına baxmayaraq, ölkə 2021-ci il yanvarın 1-də tam olaraq Aİ-dən ayrıldı. Britaniya keçid dövrü ərzində vahid bazarda qalıb və bu müddət ərzində Aİ-nin bəzi qaydaları Britaniyaya da şamil olunub. 

Bununla yanaşı, 2021-ci ilin əvvəlində bütün dünyanın diqqəti Vaşinqtonda baş verən iğtişaşlara və ümumilikdə ABŞ-dakı siyasi hadisələrə yönəldi. 

Belə ki, yanvarın 6-sı ABŞ-ın paytaxtı Vaşinqtonda Donald Tramp tərəfdarları 2020-ci ildə keçirilən Prezident seçkilərinin nəticəsinə etiraz edərək ölkənin Konqres binasına hücum ediblər. Bu zaman binada seçkilərin nəticəsi müzakirə olunurdu. İnsident zamanı Tramp tərəfdarları binaya daxil olub, mühafizə xidməti isə təcili olaraq senator və konqresmenləri təxliyyə edib. Hadisə zamanı azı 5 nəfər ölüb, onlarla polis xəsarət alıb. İnsidentdən sonra yerli hakimiyyət orqanları ABŞ paytaxtında komendant saatı tətbiq etmişdilər.

Bununla yanaşı, hadisədən bir həftə sonra ABŞ Konqresinin Nümayəndələr Palatası Donald Trampa ikinci dəfə impiçment elan ediblər.

Yanvarın 20-si isə Co Baydenin inauqurasiya mərasimi keçirilib və o, ABŞ-ın 46-cı Prezidenti olub.

Fevralın əvvəlində Myanmada hərbi çevriliş baş verib. Nəticədə, hökumət başçısı Aun San Su Kyi və Prezident Vin Min saxlanılıb və vəzifələrindən kənarlaşdırılıb. Həmçinin ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan olunub.

Eyni zamanda, fevralın əvvəlində Hindistanın Uttarakhand ştatında buzlaqların uçqunu nəticəsində genişmiqyaslı daşqınlar baş verib. Daşqınlar səbəbindən 200-dən çox insan hələ də itkin düşmüş hesab olunur.

Mart ayının əvvəlində isə Fransanın keçmiş Prezidenti Nikol Sarkozi korrupsiya və hakimə rüşvət verməyə cəhd etməkdə təqsirli bilinib. Sarkozi 3 il müddətinə azadlıqdan məhrum olunsa da, bunun iki ilini şərti cəza olaraq çəkəcək. O, ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Aprelin ortalarında Çexiya Rusiya səfirliyinin 18 əməkdaşını rəsmi olaraq ölkədən çıxarıb. Buna səbəb 2014-cü ildə hərbi silah-sursat anbarında baş verən partlayışda Rusiya kəşfiyyatının əli olması ilə balı şübhələr olub. Bunun ardınca, Rusiya Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” (arzuolunmaz şəxs) elan edib və onları ölkəni tərk etməyə çağırıb.

İyul ayının ortalarında Almaniyanın qərbində leysanlar güclü daşqınlara səbəb olub, nəticədə 180-dən çox insan həlak olub.

İyulun 28-də Türkiyədə Antalyanın Manavgat adlı bölgəsində meşə yanğınları başlayıb. Bunun adrınca ölkənin bir sıra digər yerlərində də meşə yanğınları baş verib. Avqustun 12-si Muğladakı yanğının söndürülməsi ilə ölkədəki meşə yanğınları tamamilə nəzarət altına alınıb. Bu yanğınlar nəticəsində 8 nəfər həlak olub, çox sayda meşə sahəsi, əkin yerləri, evlər yanaraq külə dönüb.

İyul ayı tək Türkiyədə deyil, dünyanın bir çox ölkələrində meşə yanğınları ilə yadda qalıb. Bu zaman ABŞ-dan tutmuş Rusiya, Cənubi Amerika, Afrika, Aİ ölkələrinə qədər yanğınlar qeydə alınıb. Avropada yanğınlar əsas olaraq İtaliya, Yunanıstan və Rumıniyada baş verib.

Avqustun 15-i Əfqanıstanın paytaxtı Kabil şəhəri döyüş olmadan “Taliban” radikal hərəkatının nəzarəti altına keçib. Paytaxt talibançılar tərəfindən ələ keçirildikdən sonra 72 yaşlı ölkə Prezidenti Əşrəf Qani ölkədən qaçıb. O, hazırda Birləşmiş Ərəb Əmirliklərindədir.

Avqustun sonu isə ABŞ-ın Əfqanıstandakı 20 illik missiyasının başa çatması ilə yadda qalıb. Bundan daha da güclənən “Taliban” hərəkatı sentyabrın əvvəli ölkənin nəzarət etmədiyi son vilayətini də ələ keçirib. 

Oktyabrın 1-i qonşu Gürcüstanda siyasi təlatüm başladı və demək olar ki, indiyə qədər də davam edir. Belə ki, oktyabrın 1-i ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili 8 illik fasilədən sonra Gürcüstana qayıtdı və elə həmin gün də hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı.

Saxlanıldığı gündən başlayaraq aclıq aksiyasına başlayan Saakaşvili 50 gündən sonra aclığı dayandırdı. Gürcü siyasətçi barədə bir neçə cinayət işi başladılıb və mütəmadi olaraq məhkəmə prosesləri keçirilir.

Noyabr ayında isə Polşa və Belarus sərhədində miqrant böhranı başlayıb. Avropa ölkələrinə getmək arzusu ilə çox sayda miqrant iki ölkə arasındakı sərhədə toplaşıb. Polşa tərəfinə keçə bilməyən miqrantlar güc tətbiq edərək qarşı tərəfə keçmək istədikdə bir neçə insident baş verib. Buna cavab olaraq Polşa və Litva fövqəladə vəziyyət rejimi tətbiq ediblər. Sərhədə toplaşanların bir qismi öz ölkələrinə qayıtsa da, bir qismi hələ də orada gözləməkdədir.

Noyabrın 26-sı Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa ilə sərhədə gedib və buradakı miqrant düşərgəsini ziyarət edib.

Bununla yanaşı, noyabrın sonlarında koronavirusun yeni “Omicron” ştamı aşkar olunub.

Hazırda dünyanın 110 ölkəsində bu ştama yoluxma qeydə alınıb.

Dekabrın əvvəli isə Almaniya kansleri Angela Merkelin 15 ildən sonra bu vəzifədən getməsi ilə dünyanın gündəmində yer alıb. Merkeli bu vəzifədə Olaf Şolç əvəzləyib.

 

.