"GUAM-ın Katibliyi BMT ilə geniş əməkdaşlıq qurmaq üçün müvafiq "yol xəritəsi” hazırlayacaq”.
Publika.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən GUAM Parlament Assambleyasının 9-cu sessiyasında çıxışı zamanı xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir deyib ki, beynəlxalq təşkilatın GUAM kimi regional təşkilatla əməkdaşlıq qurması çox vacibdir:
"Təbii ki, bu sevindirici haldır. Biz bu məsələləri müzakirə edəcəyik və daha sonra Katiblik müvafiq "yol xəritəsi” hazırlayacaq. BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı və digər qurumları ilə əməkdaşlıq həyata keçirilir”.
E.Məmmədyarov qeyd edib ki, GUAM ölkələri arasında enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizi və multikultralizim məsələləri vacib əhəmiyyət kəsb edir:
"Eyni zamanda, biz iqtisadi və regional təhlıükəsizlik məsələlərinə də xüsusi əhəmiyyət verməliyik. Bilirsiz ki, BMT Baş Assambleyasının münaqişələrlə bağlı xüsusi bəndi mövcuddur. Ona görə də biz hər zaman BMT-də üzləşdiyimiz münaqişələrlə bağlı həmin bəndə istinad edib məsələ qaldırırıq. Şünki GUAM-a üzv olan ölkələrin hər birində ərazi bütövlüyünü təhdid edən münaqişələr mövcuddur. Biz sərhədlərin və ərazi bütövlüyünün pozulması, qaçqın problemləri ilə üzləşirik. Bununla bağlı birgə bəyanat vermişik. Bu gün ev sahibliyi etdiyimiz sessiyada da məcburi köçkünlərlə bağlı xüsusi bəyanat verəcəyik. Hesab edirəm ki, bu kimi məsələlərlə bağlı GUAM-a üzv dövlətlərin birgə addımları çox önəmlidir”.
Nazir vurğulayıb ki, GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı da Azərbaycanın müvafiq bəyanatları mövcuddur:
"Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Azərbaycan bu mövqeyi həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Misal üçün, biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq. Hesab edirəm ki, bu prinsipi qarşılıqlı olaraq GUAM-ın üzvü olan 4 dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu real siyasətdir”.
Yenizaman.az
.
