(Xəyali söhbət)
Kulis.Az "Atamın xatirəsi” layihəsindən Şərif Ağayarın dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin oğlu Rodriqo Qarsiya ilə söhbətini təqdim edir. Ancaq bu söhbətin bir özəlliyi var: gerçəkdə yox, bizim Ayxan Ayvazın təxəyyülündə baş verib. Buyurun, oxuyun.
- Atanızı necə xatırlayırsınız?
- Yaxşı ata kimi...
- Atanızla bağlı ilk olaraq nəyi xatırlayırsınız?
- Yadımdadır, atam "Yüz ilin tənhalığı” romanını yazanda evdə kasıbçılıq idi. Anam hər şeyi girov qoymuşdu. O günlər çox ağrılı keçdi və gözümün qabağında atamın romanı yaranırdı.
- Polkovnik kimi səbirli imiş... Yeri gəlmişkən, "Polkovnikə məktub yoxdur” da maraqlıdır...
- Sizə maraqlı bir şey danışım. "Polkovnikə məktub yoxdur” romanındakı xoruz yadınızdadır?
- Hə... Hə... Dəhşətdir o xoruz...
- Deməli, mən o xoruzu görmüşdüm.
- Necə?
- Babam saxlayırdı o xoruzu. Möhtəşəm xoruz idi. Hələ bir dəfə də məni dimdikləmişdi...
- Maraqlıdır...
- Hə, xoruzdan qorxurdum yaman.
- Yeri gəlmişkən, Xoruz ili gəlir. Atanızın bayramlara münasibəti necə idi?
- Onun üçün hər gün bayram idi. Əlinə pul keçdimi Mersedesi (xanımı – red) götürürdü özü ilə, çıxırdı şəhərə. Səhərə qədər vur-çatlasın, çal oynasın...
- "Mersedes” həm də maşın brendidir. Heç atanız zarafat eləmirdi bu xüsusda?
- Oooo... (gülür). Atam həmişə uzaqdan anamı görəndə deyirdi, qaçın uşaqlar, maşın gəlir. Hələ üstəlik bığını sığallaya-sığallaya əlavə edərdi: "Birdən vurub eləyər ha...” Amma Mersedes heç vaxt bundan darılmazdı. O, atamı çox sevirdi.
- Siz də Mersedes deyirsiniz... Bizdə olsa qulaqlarını çəkərdilər ki, anasını öz adı ilə çağırır...
- Mən doğulandan belə görmüşəm. Bircə dəfə də "ana” deməmişəm. Atama da Markes demişəm. Xoşuma gəlirdi belə. Həm də düşünürdüm ki, atam bizə belə bir azad mühit yaradıb.
- Yazıçı kimi sevirdiniz Markesi?
- Markes mənim yazıçım deyil.
- Qəribədir... Niyə?
- Onun heç bir əsərini kino dilinə çevirə bilmirəm. Bəlkə də buna görə heç cür Markeslə ulduzum barışmır.
- "Yüz ilin tənhalığı” romanı da film ola bilmədi... Markes icazə vermədi...
- Bir az da atamın səhvi oldu. Əslində filmi bəyənmişdim. Markes isə yazdığı romanın film həllini görə bilməyəcəyini düşünürdü... Mən ona nə qədər dedim ki, qoy çəksinlər, icazə vermədi. Atamda bir az özündən demək də vardı...
- Qadınlarla arası necə idi? Eşitdiyimə görə, şorgöz kişi olub...
- Atam evlənənə qədər çox baz olub. Bir dəfə bir qadının yanından qayıdırmış. Əri xəbər tutub az qala atamı bıçaqlayacaqmış...
- Necə xilas olub?
- Mistika. Evlənəndən sonra Mersedesə sadiq qaldı.
- Heç yox idi sevgilisi?
- Olsa da bizə deməzdi (gülür ).
- Atanız bir az bizim Aşıq Ədalətə oxşayır...
- Tanımıram onu.
- Saz çalır, əla kişidir. Belə baxanda atandan istedadsız deyil...
- Saz nə olan şeydi, heç bilmirəm.
- Məncə, Markeslə Aşıq Ədalət ruhən əkiz idilər. Onları bu dünyada qovuşdura bilmədik... Heyf...
- Həqiqətən marağıma səbəb oldu.
- Ədalət sazda necə dahiydisə, söz sənətində də Markes elə dahiydi...
- Sizi inandırım ki, bir rejissor kimi diqqətimi çəkdi bu. Oxşarlar.
- Tam əminəm ki, Ədalətlə Markes eyni adamdır.
- Üzdən də oxşayırdılar?
- Yox... Qardaş deyərdim onlara. Ədalət Morgan Frimana daha çox oxşayır...
- Axı bu Aşıq Ədalət kimdir belə? Yaşayırmı?
- Yaşayır, top kimidir. İstəyirsiniz, müsahibədən sonra gedək yanına, bir araq alıb əlli-əlli vuraq. Sizi inandırım ki, o dahidir.
- Buranın araqlarından başım çıxmır (gülür). Kolumbiyada olsaq, sizi əla bir tekilaya qonaq edərdim. Ədaləti də çağıraq gəlsin.
- Sazla tekila getməz...
- Siz araq içərsiniz, mən də tekila. Bizdə belədir. Kim nə istəyir içir.
- Tekilanı bizim Qan Turalı da çox sevir... Görürəm, sən qoluzorlusan. Sən bir arağı tək başına da içərsən... Düz demirəm, kələ? (əlimi çiyninə vururam)
- Bilmirəm... Bəlkə də... Hər halda içmək pis deyil. Kolumbiyada bu adətimdən vaz keçməmişəm (gülür). Üzr istəyirəm, kələ nə deməkdir?
- Heyf ki, ispan dilində bilmirəm. Amma məncə, ispan dilində də çox enerjili səslənər. Sözə fikir verin, görün necə enerjilidir: Kələ.
- Hə, maraqlıdır...
- Bu sizin senyor sözünün yerində işlənir bizdə. Siz demirsiniz, senyor...
- Senyor da hər adama deyilmir (gülür).
- Kələ də hər adam deyilmir... Kələ demişkən... Lyosa Markesi vurub? Bu söhbəti bilirsiniz?
- Açığı, ucundan-qulağından. Şər atırlar atama. Mənim atam söz gəzdirən biri olmayıb. Guya atam Lyosanın arvadına deyibmiş ki, sənin ərin başqa bir qadınla yaşayır. Məclis olub, Lyosaya bunu çatdırıblar. O da bir yumruq ilişdirib atama...
- Ömrü boyu küsülü oldular...
- Hə... Danışdırmadı atam. Çox qürurlu idi.
- Dəfnində də iştirak etmədi...
- Deyirlər, uzaqdan görən olub Lyosanı. Amma bizə başsağlığı vermədi.
- Düz eləməyib... Gərək başsağlığı verərdi. Sizin nə günahınız vardı?
- Atamın da günahı olmayıb. İnanın mənə. Hamısı uydurmadır.
- Ölümünü necə xatırlayırsınız?
- Atamı əcəl apardı. Qocalmışdı, ağrıyırdı bütün günü. Onu Meksikaya apardıq. Son dəfə yanına gedəndə kədərlə gülümsündü mənə. Mersedesin əlindən öpüb dedi ki, bunları tək qoyma. Anam da güclü qadın idi, gözündən yaş çıxmadı. Çölə çıxanda uşaqları başına yığıb söhbət elədi. Anamı həmin gün tanıdım. Həyata möhkəm bağlanan qadın idi. Atam elə Meksikada gözlərini yumdu. Yandırıb külünü Kolumbiyaya gətirdik...
- Yandırmaq qəribə gəldi... Markes öləndən bir neçə gün əvvəl də bizim İsa Hüseynov ölmüşdü. Onlar bir-birinə oxşayırdı.
- Siz də atamı hamı ilə oxşatdınız (gülür).
- Yox, əsərlərindəki magik elementləri deyirəm. Markes də, İsa Hüseynov da başqa bir dünya yaratmışdı əsərlərində. Sizə qəribə bir şey deyim: İsa Hüseynovun dəfnində saz çalındı.
- Həmin Aşıq Ədalət çaldı?
- Yox başqası... Amma məncə, Markesin külü də o saz səsini eşitdi...
- Külün səs eşitmək qabiliyyətini birinci dəfə sizdən eşidirəm (gülür).
- Hiss etmək mənasında dedim...
- Aydındı. Siz elə eləyəcəksiz, axırda o Aşıq Ədaləti aparacam Kolumbiyaya, atamın məzarı başında saz çaldıracam.
- Əla olardı...
- Hə... Sən necə dedin? Kələ... Maraqlı danışırsan, kələ...
- Siz də... Sonuncu sual: atanız qiymətini almışdı sizcə? Yəni layiq olduğu qiyməti...
- Qiymət deyəndə yaxşı qonorar aldı yazdıqlarına görə. İndi də atama görə məni qabağa çəkirlər. Qiymətin meyarı yoxdu axı. Nə deyim? Tarix özü cavab versin bu suala.
- Müsahibəyə görə çox sağ olun...
- Sən də, kələ (gülür).
.