Rusiya Ukraynaya qarşı son bir həftədə 1100-dən çox dron hücumu həyata keçirib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Zelenski Rusiyanın ölkənin mühüm infrastruktur obyektlərinə endirdiyi zərbələrdən sonra bir çox bölgələrdə vəziyyətin çətin olaraq qaldığını bildirib.
O, paylaşımında qeyd edib ki, enerji işçiləri və təmir briqadaları əhalinin elektrik enerjisi, istilik və su təchizatının bərpası üçün gecə-gündüz çalışırlar. Onun sözlərinə görə, bu, Rusiyanın davamlı hücumlarından sonra normal həyatın bərpası baxımından vətəndaşlar üçün son dərəcə vacib və monumental bir səydir.
Ukrayna Prezidenti bildirib ki, təkcə son bir həftə ərzində Rusiya Ukraynaya qarşı təxminən 1100 hücum dronu, 890-dan çox idarə olunan hava bombası və 50-dən artıq müxtəlif növ raket – ballistik, kruiz və hətta “Oreşnik” orta mənzilli ballistik raketi buraxıb.
Onun sözlərinə görə, hücumların əsas hədəfi hərbi obyektlər deyil, enerji infrastrukturu və yaşayış binaları olub:
“Onlar qəsdən şaxtalı havanın xalqımız üçün vəziyyəti daha da pisləşdirməsini gözlədilər. Bu, xüsusilə mülki şəxslərə qarşı qəsdən, kinayəli Rusiya terrorudur. Ukraynanı bu hücumlardan gecə-gündüz müdafiə edən mobil atəş qruplarımıza və hava hücumundan müdafiə bölmələrindən və elektron müharibə bölmələrindən olan bütün digər döyüşçülərimizə təşəkkür edirəm”.
Zelenski, eyni zamanda, bildirilib ki, hazırda ölkənin daxili dayanıqlığının və müdafiə qabiliyyətinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Zelenski Ukraynaya, onun müdafiəsinə davamlı dəstəyin və sülh naminə əlaqələndirilmiş diplomatiyanın vacibliyini qeyd edərək, bu istiqamətdə Ukrayna ilə çalışan bütün tərəfdaşlara minnətdarlığını ifadə edib.
.
