
Bildirçin bəslənilməsi gəlirli sahə olduğundan son vaxtlar təsərrüfatlarda bu sahə ilə məşğul olanların sayı artıb. Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, Lənkəranlı fermer Rauf Mahmudov da belə təsərrüfat sahiblərindəndir. Onun təsərrüfatında hazırda 200-ə yaxın bildirçin var.
"Gündəlik bunların yumurtaları yığılır, hər 5-6 gündən bir inqibatora qoyulur. 15-16 günə bu heyvan yumurtadan çıxır, 30-35 günə yetişir, 45-50 günə isə yumurtaya düşür.”
Rauf Mahmudovun sözlərinə görə bildirçin yumurtasının tərkibində olan müxtəlif maddələr, A, B1 və B2 vitamini toyuq yumurtasında olan vitaminlərdən daha çoxdur. Bununla yanaşı bildirçin ətinin də insan üçün faydaları olduqca böyükdür. Amma fermer deyir ki, əhali arasında buna maraq azdır.
"Bir bildirçin yumurtası toyuq yumurtası ilə müqayisədə bunun kalorisi, bunun mineralları 9 qat toyuq yumurtasından artıqdır. Bizim bölgədə camaatın buna tələbatı azdır. Əgər belə bir şey olsa, camaatın alıcılıq qabiliyyəti çoxalsa biz bunun iki üç ay müddətinə 10 minə qədər artıra bilərik.”
Diri çəkisi təxminən 200 qram olan bildirçin yumurtası 10-15 qəpik, özü isə 1 manat 50 qəpik - 2 manat arasında alıcılara təkif olunur. Bildirçinin qidalanmasında isə təsərrüfat sahibi əsasən minerallarla zəngin olan qidalardan istifadə edirlər.
Bu sahə ilə bir ilə yaxındır məşğul olan fermer gələcəkdə təsərrüfatını daha da genişləndirmək niyyətindədir.