Çempionlar Liqasında (ÇL) mövsümə uğursuz start götürən “Real” qrup mərhələsindəki ilk oyununda öz meydanında Donetsk “Şaxtyor”una məğlub olub.
 
Birinci hissədə 0:3 hesabı ilə geri düşən İspaniya təmsilçisi son 15 ildə ilk dəfə bu turnirin ilk yarısında qapısında 3 top görüb.
 
Axırıncı dəfə 2005-ci ildə ÇL matçının birinci hissəsində 3 qol buraxan “kral klubu”nun başına analoji hadisə sonuncu dəfə öz meydanında 2000-ci ilin fevralında gəlib. Madridlilər 2005-ci ildə “Lion”la (0:3), 2000-ci ildə isə “Bavariya” ilə qarşılaşmada (2:4) fasiləyə qədər 3 dəfə mərkəzə dəvət edilib.
 
Bugünkü matçın 54-cü dəqiqəsində meydan sahiblərinin ilk qolunun müəllifi olan yarımmüdafiəçi Luka Modriç “Real”ın Avropa arenasında 35 yaşdan yuxarı qol vuran 4-cü oyunçusu olub. Xorvatiyalıdan əvvəl Alfredo Di Stefano, Ferens Puşkaş və Fransisko Xento bunu bacarıb.
 
Qeyd edək ki, “Real” – “Şaxtyor” görüşü Ukrayna klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

.