Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qış çempionu bəlli olub.
Buna XVII turun “Turan Tovuz”- “Zirə” matçının (1:0) nəticəsi səbəb olub.
Bakı klubunun məğlubiyyətindən sonra “Qarabağ”ın qış fasiləsinə birinci yerdə yollanacağı dəqiqləşib. 35 xalı olan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ikinci sırada qərarlaşan “Zirə”ni altı xal qabaqlayır.
“Qarabağ” tarixində 10-cu dəfə yeni ili lider kimi qarşılayacaq. Ağdam klubu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22 və 2022/23 mövsümlərinin ilk yarısını da zirvədə tamamlayıb.
“Qarabağ” yeni rekorda imza atıb.
“Neftçi” doqquz (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21), “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “Şamaxı” (2008/09, 2009/10, 2012/13) hərəyə üç, “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07) və “Şüvəlan”ın (2007/08) bir belə uğuru var.
Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.
.