Rusiyanın xarici işlər naziri Sergey Lavrov "3+3" formatında üçüncü nazirlər görüşünün Ermənistan və Azərbaycan ərazisində keçirilməsini təklif edib.

O, bunu İrəvanda Ermənistan XİN başçısı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

S.Lavrovun sözlərinə görə, "3+3" formatı regionda uzunmüddətli sülh və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm alət olmaq, həmçinin Cənubi Qafqaz ölkələri və onların yaxın qonşuları arasında qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın, nəqliyyat əlaqələrinin və mədəni ənənələrin inkişafına töhfə vermək üçün bütün ilkin şərtlərə malikdir.

"Biz üçüncü görüşün keçiriləcəyi yer barədə müzakirə apardıq. Hesab edirəm ki, bu tədbirə ev sahibliyi etmək istəyən Ermənistan və Azərbaycan öz aralarında razılığa gələ bilər. Biz buna kömək etməyə hazırıq. İclasların ardıcıllığına gəlincə, növbəti iki tədbirin Ermənistan və Azərbaycanın paytaxtlarında keçirilməsinin tərəfdarıyıq", - o bildirib.

XİN başçısı qeyd edib ki, Tehran və İstanbulda keçirilən görüşlərdə bu platformanın gələcəyi ilə bağlı müəyyən nikbinliyə nail olmaq mümkün olub.

.