"Səhiyyə Nazirliyi insanların nədən zəhərləndiyi barədə məlumat vermir, çünki sertifikatı özü verir”
Vətəndaşlar onu zəhərləyən məhsulları istehsal edən şirkətləri niyə məhkəməyə verə bilmir?

Yay aylarında qida zəhərlənməli digər fəsillərdən daha çox qeydə alınır. Səbəb isə havanın temperaturunun yüksək olması gstərilir. Ev şəraitində, mağazalarda, bəzən də toyların keçirildiyi müəssisələrdə qidanın düzgün saxlanılmaması kütləvi zəhərlənmələrin baş verməsinə səbəb olur. Bəs zərərçəkmiş şəxslər zəhərlənmələrlə bağlı məhkəməyə müraciət edirmi? Ümumiyyətlə istehlakçı hüquqları pozulmuş vətəndaşlar yaşadıqları duruma görə kompensasiya ala bilərlərmi? Ölkəmizdə bu təcrübə tətbiq olunurmu?

Eyyub Hüseynov: "Zəhərlənmələrdə Səhiyyə Nazirliyinin bir dəfə də olsun malın adını yazmasına rast gəlməmişik”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Qanun olmadıqda isə cinayət baş verir: "Qidanın təhlükəsizliyi qanun olmadığından təmin olunmur. Səhiyyə Nazirliyi bütün hər şeyə gigiyenik sertifikat verir. Əlimizdəki telefona, təhlükəli siqaretlərə və s. Səhiyyə Nazirliyi insanların sağlamlığının keşiyində durmalıdır. Yəni, insan zəhərlənəndə nə sizə, nə də bizə müraciət etmir. Gedib səhiyyə orqanlarına müraciət edir. Səhiyyə orqanları isə qidanın adını heç vaxt çəkə bilməz ki, həmin insan nədən zəhərlənib. Çünki ad çəksə qida sahibi onların verdiyi sertifikatı gətirib masanın üzərinə qoyacaq. Yəni, maraqlar konfilikti var. Mən bu yaşıma çatmışam, təzəliklə eşitmişəm ki, Səhiyyə Nazirliyi hansısa rayonda kütləvi zəhərlənmələrlə bağlı xəbər yayıb. Məlumat verilib ki, insanlar ətdən zəhərlənib. Ancaq ətdən insan zəhərlənə bilməz. Allah bizi yaradanda əti də yaradıb. Mən dəfələrlə yoxlamışam ki, meymuna ət verdikdə o əti birinci qoxlayır, sonra ağzına qoyur. Ət zəhələnmə effekti verdikdə ondan pis qoxu gəlir və insanlar onu yemir”.

E.Hüseynov deyir ki, kütləvi istehsal malına şirədən və ya başqa ərzaqdan zəhərlənmə olduqda bu Səhiyyə Nazirliyi tərəfindən gizlədilir. Çünki həmin məhsulun istehsalçısı nazirliyin verdiyi sertifikatı gətirib stolun üstünə qoyacaq: "Maraqlar konfiliktinin olduğu, dövlət orqanlarının müdaxiləsinin sıfıra endirildiyi, müstəqil ekspertizanın olmadığı bir şəraitdə kütləvi zəhərlənmələr artır. Orta ömürün aşağı olması, insanların apteklərdə növbəyə durması, klinikaların insanlarla dolu olması- bunların hamısı qidadan qaynaqlanır. Biz monitorinqlər aparmırıq. Gələn şikayətləri araşdırıb, tədqiqatlar aparırırq. Dövlət orqanları bununla bağlı heç bir iş aparmır. Yalnız kütləvi informasiya vasitələrinin iştirakı ilə qarpızların monitorinqini apardıq. Xüsusi kompakt cihaz vasitəsi ilə nitritlərin miqdarını ölçdük. Bakının bütün bazarlarında nitritlərin miqdarının normal olduğu bir dənə də olsun qarpız tapmadıq. Yəni, qarpızların tərkibində nitritlərin miqdarı 61 kiloqramda 60 milliqramdan çox olmalı deyil. Ən aşağı çıxan nəticə 100-110 idi. Bu o deməkdir ki, əhali bostan bitkisindən kütləvi zəhərlənmənin qurbanıdır”.

Eyyub Hüseynovun sözlərinə görə, aparıcı ölkələrdə sertifikat verən orqan səhiyyə orqanından ayrıdır. Dövlət qurumu bir mala sertifikat verirsə, onun məsuliyyətini daşıyır. İnsan zəhərlənərsə sertifikat verən orqan ciddi araşdırmalar aparır. Bizdə isə zəhərlənmələrin sayı ümumdünya göstəricisindən 250 dəfə az göstərilir. Səhiyyə Nazirliyi gizlədir. Başqa ölkələrdə istehlakçılar istehsalçıları məhkəməyə verir. Bununla bağlı çoxsaylı təcrübələr var. Xeyli miqdarda da kompensasiyalar alınır. əgər insan ölərsə, o zaman ailəsinə kompensasiya verilir. 20 ildir ki, istehlakçı hüququnu qoruyuram, ancaq bir dəfə də olsun belə hal müşahidə etməmişəm. Çünki səhiyyə orqanları heç vaxtı şəxsin zəhərləndiyi malın adını yazmazlar. Mal adı yazan zaman da istehlakçının özünün düzəltdiyi – şorba, yemək və s. qeyd edilir. Kütləvi istehal malının adı yazılmır. Məhkəmə də hüquqi orqana inanır. Səhiyyə Nazirliyinin bir dəfə də olsun malın adını yazma halına rat gəlməmişik” –deyə ekspert bildirib. 

Anar Qədirli: "Əhali arasında hələ də kütləvi qida zəhərlənmələri baş veririr”

Gigeyna ve Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri  Anar Qədirli mətbuat konfransında bildirib ki, əhali arasında hələ də kütləvi qida zəhərlənmələri, hətta ölümlə nəticələnən botulizm hadisələrinin baş verməsi bu sahədə ciddi işlərin davam etdirilməsini tələb edir. A. Qədirlinin sözlərinə görə, yeyinti məhsullarının təhlükəsizliyinə mikrobioloji və toksikoloji laboratoriya nəzarəti müasir beynəlxalq tələblər səviyyəsinədək yüksəldilib, həmin laboratoriyalar ən müasir avadanlıq və tam hazırlıqlı kadrlarla təmin olunub: "Eyni zamanda əhali arasında sağlam qidalanma sahəsində bilik səviyyəsinin genişləndirilməsinə böyük ehtiyac duyulur”.

Anar Qədirli məlumat verib ki, hazırda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tabeliyində olan 74 şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri, 6 dezinfeksiya stansiyaları və 45 profilaktik dezinfeksiya şöbələri var.

Statistika

"Bu ilin 7 ayında 396 qida zəhərlənmə hadisəsi baş verib. Nəticədə 502 nəfər zəhərlənib. Zərərçəkəndən 1 nəfəri dünyasını dəyişib”.

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Zöhrab Quliyev mətbuata açıqlamasında deyib. Həkimin sözlərinə görə, yay aylarında qida zəhərlənmələrinin əsas səbəbi yeməklərin soyuducuda saxlanmamasıdır: "7 ay ərzində qidadan zəhərlən insanlardan 1 nəfəri – Şabran rayon sakini dünyasını dəyişib. O, ev şəraitində konservləşdirilmiş turşudan zəhərlənib. Belə zəhərlənmələrin dinamikasına nəzarət etmək mümkün olmur. Onu da deyim ki, qidanın saxlanmasında mövsüm başlıca rol oynamır. Bəzi qidalar mütləq donmuş vəziyyətdə saxlanmalıdır. Son zamanlar ölkəmizdə havanın temperaturu 40 dərəcəyə yaxın olur ki, qida uyğun temperaturda saxlanmalıdır”. 

Qeyd edək ki, 2015-ci ildə 659 qida zəhərlənməsi hadisəsi baş verib, nəticədə 912 nəfər zəhərlənib. Bu hadisələrdən 28-i botulizm zəhərlənməsi olub, 49 nəfər zərərçəkəndən 4-ü zəhərlənmə nəticəsində dünyasını dəyişib. 
.