Ukraynanın Müdafiə Nazirliyi nümayişlərlə əlaqədar ölkədə yaranmış vəziyyətə müdaxilə etməyəcəyini açıqlayıb. Nazirliyin nümayəndəsi bildirib ki, mitinqçilərə qarşı Silahlı Qüvvələrdən sitifadə olunmayacaq. Bütün hərbi qulluqçular və texnika öz daimi dislokasiya olunduqları yerlərdədir.

***

Kiyevdə vəziyyət gərgin olaraq qalır. Ukrayna mətbuatı xəbər verir ki, nümayişçilərlə təhlükəsizlik qüvvələrinin toqquşmasında 3 nəfər həlak olub. Onlardan biri Ermənistan vətəndaşıdır. 20 yaşlı Sergey Nihoyanın meyiti yanvarın 22-i səhər saatlarında Kiyevdə Dinamo stadionu yaxınlığında tapılıb. Onun başında və sinəsində güllə yaraları olub. "Azadlıq” radiosunun erməni xidməti Nihoyanın snayperlə vurulmasına dair məlumatlar olduğunu bildirib. Nihoyan Kiyevə ötən ilin dekabrında gedibmiş. Qeyri-rəsmi məlumatlara görə o, Avromaydanın mühafizəsi ilə məşğul olan dəstəyə qatılıbmış.
Son məlumata görə, "Berkut" xüsusi təyinatlıları etirazçıları "Dinamo" stadionunun qarşısından çıxarıb. İndiyədək etirazçıların barrikada qurduğu mövqelərdə indi təhlükəszilik qüvvələrinin qalxanlı əsgərləri sıraya düzülüb. Əsgərlərin arxa mövqelərindən zirehli hərbi maşın çıxaraq ön çərgəyə yaxınlaşıb. Müstəqillik meydanda (Maydan) isə mitinq davam edir.
Polis Qruşevsk və başqa küçələrdə qurulan barrikadalara hücum edib aksiyaçıları uzaqlaşdırmağa çalışıb. Ayrı-ayrı yerlərdə toqquşmalar davam edir. Aksiyaçılar polisə daş, Molotov kokteylləri atırlar. Polis isə göz yaşardan qaz, səs bombaları, dəyənəklərdən istifadə edir.
Ukrayna müxalifəti bildirib ki, nümayişlər zamanı öldürülən vətəndaşlara görə prezident Yanukoviç və daxili işlər naziri Zaxarçenko məsuliyyət daşıyır.
Müxalifət həmçinin səfərbərlik elan edib və tərəfdarlarını bu axşam Maydana çağırıb.
Baş nazir Nikolay Azarov isə ölən nümayişçilərə görə məsuliyyəti üzərlərindən atıb. O, hökumətin iclasında bildirib ki, DİN əməkdaşlarının əlində silah olmayıb.
Bakı vaxtı ilə saat 16:00-da isə Prezident Administrasiyasında ölkə başçısı Viktor Yanukoviçlə müxalifət liderlərinin görüşü başlayıb. Görüşdə müxalifət liderləri Kliçko, Yatsenyuk və Tyaqnibok iştirak edirlər.


.