19.02.2014 - 11 : 10

Yenizaman.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev şəhərində dünəndən etibarən kütləvi iğtişaş halı alan etiraz aksiyaları 25 nəfərin həyatına son qoyub. Ölkənin "Berkut" xüsusi təyinatlı dəstəsi ilə silahlanmış müxalifət tərəfdarları arasında qanlı toqquşma zamanı jurnalistlərdən də bir nəfər həlak olub.
Belə ki, "Vesti" qəzetinin müxbiri Vyaçeslav Veremey aldığı güllə yarası zamanı Kiyev şəhərində dünyasını dəyişib.
Ukraynanın Daxili İşlər Nazirliyi açıqlayıb ki, həyatını itirənlərdən 12-si polis əməkdaşı, 13-ü isə müxalifət tərəfdarı olub.
Bu arada Ukrayna prezidenti Viktor Yanukoviç çıxışı zamanı müxaliflət liderlərinin əhaliyə silahlı mübarizə aparmaq göstərişi verməsini sərt tənqdi edib. O, bildirib ki, narazı kütlənin iğtişaş törətmək istəyi bütün sərhədlərin keçilməsi deməkdir.
Pravoslav Kilsəsi də nümayişçilərə müraciət edərək zorakılığa əl atılmamasını və vətəndaş müharibəsinin yaranmasına rəvac verilməməsini istəyib.

***

Kiyevdə baş verən qarşıdurmalarda ölənlərin sayı 9 nəfərə çatıb. Ölənlərin 2-ci milis, 7-si də mülki şəxsdir.
Ukrayna daxili işlər nazirliyindən verilən məlumata görə, 1 nəfər Regionlar partiyasının ofisində tüstüdən boğulub, 3 nəfər Zabitlər Evinin qarşısında həlak olub, 1 nəfər aldığı güllə yarasından sonra təcili yardım maşınında dünyasını dəyişib, 2 nəfər ürək tutmasından ölüb.
2 milis əməkdaşının da qarşıdurmalar zamanı öldüyü deyilir.

***
20:38

Kiyevdə ölənlərin sayı artıq 6 nəfərə çatıb.
Ukraynanın paytaxtı Kiyev şəhərində sanki müharibə gedir. Bütün bunlar Kiyevdən canlı yayımlanan videolardan da aydınca görsənir. Müxalifətin əsas tələbi 2004-cü ildə qəbul edilmiş ölkə Konstitusiyasına qayıtmaqdır. Milislər müxalifət nümayəndələrini Ali Radanın binasına buraxmayıblar. Ona görə də hadisələr daha da gərginləşib və bir çox inzibati binaların tutulması haqda informasiyalar yayılır.


***
19:52

Ukrayna KİV-lərinin verdiyi xəbərə görə, ölənlərin sayı 5-ə çatıb. Bundan başqa yayılan son məlumatlarda bildirilir ki, yaralıların sayı durmadan artır.

***
17:39

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş vermiş toqquşmalarda 3 nəfər ölüb.
APA-nın "Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bunu "Batkivşina” (Vətən) Partiyasının deputatı Lesya Orobets özünün "Facebook” səhifəsində yazıb. O bildirib ki, Zabitlər Evinin tibbi məntəqəsində 3 nəfərin meyiti var, 7 yaralı isə ölüm ayağındadır.
L.Orobets yaralıların ilk tibbi yardım ala bilmədikləri üçün öldüklərini söyləyib: "Təcili yardım maşınlarının bura girib-çıxmasına imkan verilmir. Vaxtında tibbi yardım ala bilməyən insanlar ölür...”
Qeyd edək ki, bu gün səhər Kiyevin Mariinsk parkında və Qruşevsk küçəsində Ali Radanın binasına doğru yürüş edən nümayişçilərlə "Berkut” xüsusi təyinatlıları arasında toqquşmalar olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının odlu silahdan istifadə etdikləri bildirilir.

***

Kiyevdə Ali Radanın binası önündə toqquşma zamanı 10 nəfər etirazçı yaralanıb. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, atılmış işıq-səs qumbarası aksiya iştirakçılarının birinin qolunu qoparıb.
Toqquşma zamanı xəsarət alanların əksəriyyəti başından yaralanıb.
Yerli mətbuat həmçinin hakim Regionlar Partiyasının mənzil-qərargahında şüşələrin sındırıldığı barədə məlumat yayıb. Məlum olub ki, etirazçılar binaya daş parçaları və "Molotov kokteyli” atırlar. Binada yanğının baş verdiyi bildirilir.

***
13.45

"Berkut” döyüşçüləri İnstitut və Şelkoviçnı küçələrinin kəsişməsindəki binanın damına çıxıblar. Onlar oradan aksiya iştirakçılarının başına səs və qaz numbaraları atırlar. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, binanın damında maskalı bir neçə var. Onlar aşağı naməlum cisimlər də atırlar.

***
13.35

Kiyevdə mitinqçilər Ali Radaya gedən yolu bağlayan yük maşınını yanlırıblar. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ərazini qara tüstü bürüyüb.

***
12.51

Kiyevdə polis əməkdaşları aksiya iştirakçılarına rezin güllələrlə atəş açıb. Musavat.com-un "Frans Press”ə istinadən verdiyi məlumata görə, əvvəlcə aksiya iştirakçılarından bir neçəsi asayiş keşikçilərini daşqalaq edib.
Avropaya inteqrasiya tərəfdarları Ukrayna parlamentinə doğru irəliləyir.
Ukrayna müxalifəti Ali Radanın tribunasını mühasirəyə alıb. Müxalifətçi deputatlar bu addımı spiker Vladimir Rıbakın 2004-cü il Konstitusiyasına qayıdışla bağlı bəyannamə layihəsini gündəliyə salmamasına etiraz əlaməti olaraq atıblar.






.