ABŞ-ın Qəzza üzrə Mülki-Hərbi Koordinasiya Mərkəzinin (CMCC) hərbi və mülki rəsmiləri işdən çıxır və hələlik onların yerinə təyinat olmayıb.
Bu barədə “Reuters“ anonim mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Mülki-Hərbi Koordinasiya Mərkəzinin rəhbəri, general-leytenant Patrik Frenk daha aşağı rütbəli ABŞ zabiti ilə əvəz olunacaq.
Qurumun mülki rəhbəri isə ABŞ-ın Yəməndəki səfiri kimi fəaliyyətinə davam etmək üçün öz ölkəsinə qayıdıb.
Pentaqon “Reuters“in sorğusuna cavab verməyib.
Mənbələr əlavə edib ki, Mülki-Hərbi Koordinasiya Mərkəzi humanitar yardım da daxil olmaqla funksiyalarını yerinə yetirə bilmir.
Qeyd edək ki, sözügedən qurum ötən ilin oktyabrında Qəzza Sülh Planının ilk mərhələsi çərçivəsində yaradılıb və HAMAS-İsrail atəşkəs rejiminə nəzarət etmək, eləcə də Qəzzaya humanitar yardımın daxil edilməsini asanlaşdırmaq funksiyası daşıyır.
.
