Tatarıstanın paytaxtı Kazan şəhərində BRICS-in XVI sammitinin geniş tərkibdə iclası keçirilib.

İclası Rusiya prezidenti Vladimir Putin giriş sözü ilə açıb.

O, çıxışında bildirib ki, BRICS ölkələrinin əksəriyyətinin ortamüddətli perspektivdə inkişaf tempi daha sürətli olacaq:


“2024-cü ilin sonunda BRICS ölkələrinin dünya iqtisadiyyatındakı payı 36,7% təşkil edəcək ki, bu da G7 ölkələrinin payını inamla üstələyir. BRICS ölkələri məsuliyyətli iqtisadi siyasətdə dayanıqlılıq nümayiş etdirirlər".


Putin Qlobal Cənub və Şərq ölkələrini resurslarla təmin etməyə kömək edəcək yeni BRICS investisiya platformasının yaradılmasını təklif edib.

Rusiya prezidenti bundan əlavə, taxıl birjasının yaradılmasını, Ümumdünya Ticarət Təşkilatının məsələləri üzrə BRICS ölkələrinin məsləhətləşmələri üçün xüsusi mexanizmin işə salınmasını da təklif edib.

Onun sözlərinə görə, BRICS taxıl birjasının yaradılması milli bazarları mənfi xarici təsirlərdən, spekulyasiyalardan və qıtlıq yaratmaq cəhdlərindən qorumağa kömək edəcək.

Putin təklif edib ki, gələcəkdə taxıl birjasını tam hüquqlu əmtəə birjasına çevirmək barədə düşünmək lazımdır:

" Rusiya qiymətli metallar və almazlar üçün ayrıca BRICS platforması yaratmağı təklif edir. Bu, lazımsız ticarət maneələrini aradan qaldırmağa kömək edəcək", - deyə Putin söyləyib.

.