Yaşamaq üçün ən vacib orqanlardan biri və ən əsası ürək-damar sistemidir. Elə bir adam olmaz ki, ömrünün hansısa bir əlamətdar, yaxud kədərli vaxtında ani olaraq əlini sinəsinə qoymasın. Bu həm də reflektiv bir haldır. Əgər ürək sancırsa, sıxılırsa bunu hansısa olacağa yozmağa çalışanlara da rast gəlmək olur. Beləliklə, sinəmizdə gəzdirdiyimiz ürəyin funksiyası bizi yalnız yaşatmaq deyil, həm də həyatımızın hər anında köməyimizə gələn önəmli bir varlıqdır. Bəli o döyünür, bir saniyə belə durmadan çalışır ki, bizi yaşatsın... Qayğısına qalmağı ağlımızdan belə keçirmirik. Yalnız ağrıları kəskinləşəndə həkim axtarırıq. Həkim də bizi gecikdiyimizə görə “tənbeh“ edəndən sonra cərrahi əməliyyat təyin edəndə sanki yuxudan ayılırıq. Amma bu oyanış artıq gecikmiş oyanış olur. İçimizdəki narahatlıq, üstəgəl əməliyyat qiymətinin baha olduğunu düşündükcə canımızı vahimə basır. Hələ əməliyyatın uğurlu olub-olmayacağı haqqında təzadlı fikirlər...
Müşahidələr isə göstərir ki, bu gün təkcə ürək-damar əməliyyatlarının deyil, ən sadə əməliyyatların icra olunmasında belə neqativ hallar baş verir ki, bunun da kökündə daha çox həkim səhvi və səriştəsizliyi dayanır. Əlbəttə ki, bunu hamıya aid etmək də olmaz.
İntervensiyon kardioloq, Mərkəzi Neftçilər Xəstəxanası və Mediland hospital kardiologiya şöbəsinin müdiri, Azərbaycan, Türkiyə və Avropa kardioloji cəmiyyətinin üzvü Vüqar Zamanovun “Novoye vremya” qəzetinə verdiyi müsahibəni təqdim edirik:
- Hazırda ürək-damar xəstəlikləri xeyli cavanlaşıb. Normal həyat tərzi keçirən – siqaret, yağlı yeməklərdən uzaq duran, müntəzəm idmanla məşğul olanlar arasında da ürək xəstələrinin olması halları çoxalıb. Səbəbi nədə görürsünüz?
- Təbii ki, ürək-damar xəstəliklərində bir neçə ən böyük risk faktorları var ki, bunlar siqaret çəkmək, şəkər xəstəliyi, irsi faktorlar, təzyiq xəstəliyi, az hərəkətlilik, artıq çəki, stress və sairdir. Amma deyək ki, hər hansı bir xəstə, yaxud yaşlı posiyent sağlam həyat tərzi keçirirsə və buna baxmayaraq ürək, yaxud stend əməliyyatı olunubsa, deməli burada əsasən genetik amil rol oynayıb.İrsi faktor bir çox xəstəliklərdə olduğu kimi ürək-damar xəstəliklərindədə böyük paya sahibdir. Şəxsi praktikama əsaslanıb deyə bilərəm ki, bir ailənin bir neçə üzvü ya stend, ya da ürək əməliyyatı keçirib.
- Azərbaycanda ürək xəstəliklərinin ən çox yayılmış növü ürək damarlarının tutulması və ya ürəyin işemik xəstəliyidir. Bu xəstəliklə bağlı Sizə müraciət edənlər də yəqin ki, çoxdur. Onlara hansı müayinə, yaxud cərrahi müdaxiləni məsləhət görürsünüz?
- Bəlli bir yaşdan sonra - əvvəllər 40 yaş kişilər, 45 yaş qadınlar üçün nəzərdə tutulurdusa, təəssüf ki, hazırda ürək-damar xəstəlikləri xeyli cavanlaşdığından müvafiq olaraq 30-35 yaşdan sonra ildə bir dəfə kardioloji cek-up müayinədən keçməlidir. Kardioloji cek-up müayinə müayinələr toplusudur. Klinikamıza müraciət edən hər bir kəs ilk öncə sakitlik kardioqramması çəkilir, EXO kardiaqrafiya olunaraq ürəyin anatomiyası öyrənilir. Bunlar sakitlik müayinəsidir. Əgər sakitlik müayinəsi zamanı hər hansı problem ortaya çıxmırsa, tredmil test deyilən fiziki yük sınağı (beqovaya dorojka) müayinəsi olunur. Bu müayinəni keçirməkdə məqsəd fiziki yük verərək ürək damarlarında tutulmaların olub-olmadığını aşkarlamaqdır. Əgər müayinə zamanı şübhə etdiyimiz bir durum olarsa, o zaman xəstəyə koronar angioqrafiya (damar daxilinə xüsusi katetrlərin yerləşdirərək, ürək damarlarının şəklini çəkmək. Xalq arasında bu müayinə anju adlanır-red) müayinəsi məsləhət görürük. Bu müayinələr xəstənin normal şəraitdə klinikaya müraciəti zamanı həyata keçirilir. Əgər xəstə kəskin miokard infarktı ilə klinikaya gəlirsə, o zaman xəstə birbaşa koronar angioqrafiya müayinəsinə götürülür. Cavabdan sonra damarlarda tutulmaların sayı çox olmadığı və uyğun yerləşməsini nəzərə alıb stend əməliyyatı vasitəsi ilə tutulmuş damarlar açılır. Əks halda aorta-koronar şuntlanma əməliyyatı (açıq ürək əməliyyatı) həyata keçirilir.
- Açıq ürək əməliyyatı həm bahalı, həm də riskli hesab olunan əməliyyatdır. Klinikaların müəyyənləşdirdiyi qiymət Sizcə qənaətbəxşdirmi? Sizin klinikada bu əməliyyat hansı qiymətə həyata keçirilir?
- Əslində region üzrəAzərbaycanda istər stend əməliyyatları, istərsə də açıq ürək əməliyyatları ən ucuz qiymətə həyata keçirilir. Türkiyə, Avropa ölkələri ilə müqayisə etsək, Azərbaycanda bu əməliyyatlar çox ucuzdur. Məsələn, sadə koronar angioqrafiya müayinəsi Azərbaycan klinikalarında 350 manata keçirilirsə, bu müayinə üçün Türkiyəyə üz tutan insanlara 1000-1500 manata başa gəlir. Bu səbəbdən də Azərbaycan klinikalarında əməliyyatların qiymətini məqbul sayıram.
- Risk tərəfinə gəlincə, bu risk, xəstənin keçirdiyi narahatlıq, yoxsa həkimin səriştəsiylə ölçülür?
- Əməliyyatın gedişində xəstənin ağırlıq dərəcəsinin də rolu böyükdür. Nəticə nə olursa, olsun burada təkcə həkimin səriştəli, təcrübəli olması deyil, komandanın yetərincə təcrübəyə malik olması əsas götürülməlidir. Bu bir komanda işidir. Yəni sadəcə həkimin səriştəli olmağı ilə iş bitmir. Bu əməliyyat vaxtı tibb bacılarının, digər texniki işçilərin, reanimasiya komandası və şöbədə çalışan tibb bacılarının da peşəkar olmasını tələb edir.
- Çalışdığınız klinikanın Azərbaycanda fəaliyyət göstərən digər klinikalardan fərqi nədədir?
- Son illərdə Azərbaycan səhiyyə sistemində ən çox inkişaf etmiş sahələrdən biri də ürək-damar xəstəlikləri mərkəzlərinin inkişafıdır. Təxminən, 15 il əvvəl Azərbaycanda cəmi iki ürək-damar xəstəlikləri mərkəzi fəaliyyət göstərirdisə, bu gün bu mərkəzlərin sayı 18-20 civarındadır. Əlbəttə, bu artım yeni mütəxəssislərin yetişdiyinə və laboratoriyaların müasir tibbi avadanlıqla təchiz edildiyinə bir sübutdur. Azərbaycanın hər bir klinikasında fəaliyyət göstərən həkimlərimiz təcrübəli və səriştəlidirlər. Mediland klinikasında əsasən keyfiyyət və qiymət siyasəti prioritet məsələdir. Mövcud imkanları nəzərə alaraq klinikamız keyfiyyətlə qiymət siyasətini tarazlaşdırmağa çalışır. Digər mərkəzlərdən fərqli olaraq, xüsusən kritik vəziyyətdə olan xəstəyə cərrahi müdaxilə günün 24 saatında həyata keçirilir. Məsələn, xəstə evdə kəskin infarkt keçirir və xəstənin durumdan çıxarlmasında zaman məsələsi ən önəmli faktordur. Mediland klinikasının tibbi heyəti ən qısa zamanda xəstəni klinikaya çatdırır və əməliyyat edilərək, damarın açılması prosesini həyata keçirir. Bu sistem bizim mərkəzdə mükəmməl şəkildə təşkil olunub. Belə ki, 24 saat fəaliyyətdə olan təcili tibbi yardım maşınlarımız Bakı və ətraf ərazilərdə yaşayan xəstəni klinikaya çatdırır, sutkaboyu hazır vəziyyətdə olan koronar angioqrafik laboratoriya və peşəkar işçi qrupu xəstəni kritik vəziyyətdən çıxarır.
- İllər öncə Avropa kardiocərrahları və alimləri ürəyin əzələ hüceyrəsinin klonlaşdırılması ilə bağlı əsaslı faktlar ortaya qoymuşdular və buna nail olmuşdular. Həmin zaman, yəni Avropa yeni ürək yaradılması üzərində işlədiyi vaxt - təxminən 4-5 il əvvəl Azərbaycanda ürək transplantasiyasının həyata keçiriləcəyi ilə bağlı fikirlər səsləndirilirdi. Amma yarımçıq qaldı. Yanılmıramsa, sonralar yalnız bir dəfə süni ürək transplantasiyası keçirilmişdi...
- Ürək transplantasiyası çox geniş bir mövzunu əhatə edir. Burada sadəcə işin texniki tərəfi deyil, ciddi laboratoriyaların fəaliyyət göstərməsi, işin hüquqi tərəfləri və eyni zamanda ciddi bir işçi qrupunun yaradılması çox önəmlidir. Ürək transplantasiyası ciddi dəstək tələb edən prosesdir. İşin texniki tərəfinə gəlincə, ölkəmizdə fəaliyyət göstərən ürək-damar cərrahlarının böyük əksəriyyəti xarici ölkələrdə təhsil almış, təcrübəli həkimlərdir. Və onların böyük əksəriyyəti ürək transplantasiyası həyata keçirilən mərkəzlərdə təcrübə toplamış mütəxəssislərdir. Ürək köçürülməsi texniki baxımdan Azərbaycanda digər icra olunan ürək əməliyyatlarından çox da çətin bir əməliyyat deyil. Sadəcə işçi qrupunun yaradılması, işin hüquqi tərəfləri, bu işi ərsəyə gətirmək üçün müasir laboratoriyaların qurulması şərtdir. Bəli, bir neçə il öncə mərkəzlərimizin birində Türkiyədən gəlmiş işçi qrupunun dəstəyi ilə süni ürək əməliyyatı icra olundu və uğurlu alındı. Bunun ciddi bir dəstəyə ehtiyacı olduğunu birdaha vurğulamaq istərdim. Əminəm ki, yaxın gələcəkdə dövlətimizin dəstəyi ilə ürək köçürülmə əməliyyatları da həyata keçiriləcəkdir.
- Deyirlər ki, “əsl həkiminşəxsi qəbiristanlığı olmalıdır”. Sizin necə, keçirdiyiniz əməliyyatların içərisində uğursuz alınanı olubmu?
- Səhv eləmirəmsə, Pavlovun belə bir fikri vardı ki, əgər həkimin bir xəstəsi belə ölməyibsə, deməli o, praktik həkim deyil.Təbii ki, müalicə, yaxud əməliyyat etdiyi xəstənin ölməsi hər həkimin başına gələ bilər. Dünyanın ən məşhur xəstəxanalarında, ən təcrübəli həkimlərin də xəstələri təəssüflər olsun ki, ölə bilir. Bu, birbaşa xəstəliyin ağırlığındanasılıdır. Risk faktoru aşağı olan xəstələrdə olüm hallarımində bir faizdir. Burada önəmli olan xəstənin vaxtında klinikaya müraciət etməsidir. Mənim də ağır əməliyyatlarım olub, təəssüf ki, həyatını itirən xəstələrim də olub. Əlbəttə belə hallarda çox üzülmüşəm, həftələrlə səhvin harada olduğunu araşdırmağa çalışmışam. Ölüm hadisəsindən sonra həkimin ciddi şəkkildə hadisəni araşdırması gələcəkdə o xətalara rəvac verməməyəcəyinə hesabanıb. Bir xəta, bir səhv – bir təcrübədir. Tibbi təcrübə buraxılmış səhvlər üzərində yaranan təcrübədir. Bu günədək 10 mindən artıq əməliyyat həyata keçirmişəm. Və bu əməliyyatların 98 faizi uğurlu olub ki, bu da dünya statistikasına uyğundur.
L.Eyyubova