Balkan ölkələri Avropa İttifaqına qoşulma prosesində bir sıra digər ölkələrə nisbətən prioritetə malikdirlər.
Bu barədə İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani "Corriere della Sera"ya müsahibəsində bildirib.
"Biz Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyirik, amma Balkanlar birinci yerdədir. Biz onlara qarşı öhdəliklər götürmüşük və onlar bizim üçün prioritetdir. 3 martda Romada "Balkanların Dostları" görüşünü keçirəcəyik. 1 apreldə Serbiyaya dəstəyimizi ifadə etmək üçün Almaniyanın xarici işlər naziri Vadeful ilə birlikdə Belqrada gedəcəyik. Biz Ukraynanın öz yolu ilə getməsinə kömək edəcəyik", - deyə o bildirib.
Xatırladaq ki, 2022-ci ilin iyun ayında Avropa İttifaqı Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu verərək, danışıqların rəsmi olaraq başlanması üçün bir neçə ciddi şərt irəli sürmüşdü.
Yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda Serbiya Prezidenti Aleksandr Vuçiç qeyd edib ki, Aİ daxilində əsas mübarizə 2027-ci ildə Ukraynanın ittifaqa qoşulması ilə bağlı olacaq.
.
