İsrail bazar günü, fevralın 1-də Qəzza zolağı ilə Misir arasındakı "Rəfah" nəzarət-buraxılış məntəqəsini yenidən açacaq.
Bu barədə AP agentliyi İsrailin Müdafiə Nazirliyinin Fələstin ərazilərində mülki məsələlərə nəzarət edən bölməsinin (COGAT) bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, nəzarət-buraxılış məntəqəsini açılması ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs planının həyata keçirilməsi üzrə mühüm addım olacaq. Qəzzanın əsas nəqliyyat qovşağı olan bu buraxılış məntəqəsi 2024-cü ilin may ayından bəri bağlı idi.
"Qəzza zolağına giriş-çıxış "Rəfah" vasitəsilə Misir ilə razılaşma əsasında, İsrail tərəfindən şəxslərin əvvəlcədən təhlükəsizlik yoxlamasından sonra və Avropa İttifaqı missiyasının nəzarəti altında, 2025-ci ilin yanvar ayında həyata keçirilmiş mexanizmə oxşar şəkildə həyata keçiriləcək", - COGAT-ın bəyanatında bildirilib.
Həmçinin qeyd olunub ki, Qəzzaya giriş yalnız döyüş əməliyyatları zamanı anklavı tərk edən yerli sakinlərə icazə veriləcək.
.
