Heç kimə sirr deyil ki, son günlərdə İrəvanda baş verənlər təsadüfi deyil. Əlbəttə, orada cərəyan edən hadisələrin bilavasitə Qarabağla (44 günlük müharibənin nəticələri) bağlı olduğunu da hər kəs anlayır. Baş verən proseslər fonunda indiki məqamda məhz keşişə əsas rolun ayrılması Qərb tərəfindən Ermənistan üçün hazırlanmış ssenarinin bir parçası kimi dəyərləndirilməlidir. Keşiş Baqrat Qalstanyan erməni kilsəsinə aid olan dini libasını geyinsə də, onun davranışı dini dəyərlərdən çox uzaq olan bilavasitə Qərbin siyasi texnologiyalarının əsasında qurulub.
Xatırlatmalıyıq ki, rəsmi İrəvan danışıqların məhz ikitərəfli formatda aparılmasına dair razılığını verdikdən sonra Qərb Ermənistanda “keşiş” şərti adlı əməliyyata başladı. Azərbaycanın təşəbbüsləri sayəsində regionda yaradıla biləcək daimi sabitlik və sülh əsla Qərbin marağında deyil. Bizim coğrafiyamızda olan ölkələri, sözün tam mənasında, bərabər statuslu tərəfdaş kimi görmək istəməyən Qərb bütün regionu asılı vəziyyətə salmaq arzusundadır. Bunun üçün isə Qərbin regiondakı mövcudluğunu bu və ya digər formada qoruması şərtdir. Qeyd olunan sadə geosiyasi həqiqət ölkəmizdə və ümumiyyətlə, regionumuzda baş verən hər hansı bir hadisə ilə bağlı şəxsi münasibətlərin formalaşdırılması prosesində mütləq nəzərə alınmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin “İrəvan Qərb siyasi texnologiyalarının poliqonuna çevrilib” sərlövhəli məqaləsində yer alıb.
Politoloq məqaləsində qeyd edib: “Onu da nəzərə almaq lazımdır ki, Qərb müasir dövrdə daxili və xarici siyasətini bilavasitə siyasi texnologiyalar vasitəsilə reallaşdırır. Orada siyasi ideologiya artıq çoxdandır ki, siyasi texnologiyalarla əvəz olunub. Qeyd olunanları nəzərə alaraq, əsl həqiqəti görmək üçün siyasi texnologiyalar müstəvisində Qərbin bu “keşiş” şərti adlı əməliyyatını cəmi bir neçə tezislə ifşa etməyə çalışaq.
Bu geosiyasi oyunları reallaşdırmaq üçün niyə məhz keşiş seçilib? Siyasi münasibətlərdə hər hansı bir tendensiyanın yaradılmasında din amili olduqca güclü alətdir. Dünya ölkələrinin siyasi tarixi qeyd olunan fərziyyəni açıq şəkildə sübuta yetirir. Eyni zamanda, Qərb “keşişi” oyun meydanına buraxmaqla Azərbaycan-Ermənistan münasibətləri müstəvisində iki xalq arasındakı dini fərqlilik və xristian təəssübkeşliyi kimi amillərin təkrar aktuallaşdırılmasına çalışır.
Xalqımızın tarixi, adət-ənənələrimizin özəl xüsusiyyətləri və bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən ardıcıl siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində dünyaya multikulturalizmin ünvanlarından biri kimi tanınır. Görünən odur ki, Azərbaycanın bu cür beynəlxalq imici hansısa ölkələri artıq narahat etməyə başlayıb. Ölkəmizdə mütəmadi şəkildə təşkil edilən beynəlxalq tədbirlər, irəli sürülən qlobal xarakterli təşəbbüslər və artan nüfuz bəzi “supergüc” dövlətlərin geostrategiyaları üçün qəbulolunmazdır. Odur ki, “keşiş” əməliyyatı vasitəsilə Qərb regionda cərəyan edən proseslərə, həmçinin dini çalarların əlavə edilməsinə çalışır. Unutmayaq ki, din müstəvisində olan münaqişələr tarixən ifratçılığı, dözümsüzlüyü və davamlılığı ilə seçilib.
Digər tərəfdən Qərb keşiş vasitəsilə “kütləni” fəal siyasi proseslərə cəlb etməyə çalışır. Bununla da baş verən hadisələrin emosionallığını artıraraq proseslərin nəzarətdən çıxmasına və bütövlükdə regionda xaosun yaranmasına səy göstərir. Odur ki, geniş mənada “keşiş” əməliyyatı Qərbin “idarəolunan xaos” kimi siyasi texnologiyasının bir parçasıdır.
İndi isə erməni mətbuatında məsələ ilə bağlı qabarıq şəkildə müəyyən olunan bəzi siyasi vurğulara diqqət yetirək. Belə ki, rəsmi İrəvanın bütün əsas mətbuat orqanlarında qeyd olunur ki, Ermənistandakı etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstanyan erməni diasporuna müraciət ünvanlayıb. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra dünya ermənilərinin diaspor fəaliyyətlərində səngimə müşahidə olunur. Ermənistanın indiki baş naziri də diaspor təşkilatları arasında bir o qədər də böyük nüfuza malik deyil. Odur ki, keşiş Baqrat Qalstanyan vasitəsilə erməni kilsəsi yenə də dünya erməniləri arasında birləşdirici rol oynamağa başlayır. Üsyankar keşiş xaricdəki erməni diasporunu ölkədəki etirazlara qoşulmağa çağırmaqla, əslində, yeni münaqişənin yaradılmasına təkan vermiş olur. Bu amil isə bilavasitə Qərbin xeyrinə hesablanıb.
Təbiidir ki, məğlubiyyətdən sonra erməni ideologiyası durğunluq dövrünü yaşayır. Bir çox erməni mifi ifşa olunub və tarixə qovuşub. Bu səbəbdən də Ermənistanda xalqın birliyini təmin edən milli ideologiyanın tamamilə iflası üçün real təhdidlər yaranıb. Məhz buna görə də marionet Ermənistanı tamamilə itirməmək üçün Qərb və rəsmi İrəvan ideologiyada yaranmış boşluğu dini amillə doldurmağa çalışır. Yenə də dünya ölkələrinin tarixi təcrübəsinə müraciət etsək, açıq şəkildə görə bilərik ki, bəzən din ideologiyanı əvəz edə bilir. Ancaq bu oyun olduqca təhlükəli və həssasdır.
Qərbin siyasi texnologiyalarının təzahür formaları bunlarla bitmir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu başı bəlalı keşiş Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonundandır. Odur ki, keşişi erməni cəmiyyətində “qəhrəmana” çevirməklə Qərb Prezident İlham Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan birgəyaşayış siyasətinə qarşı dini dözümsüzlük amilini qabartmağa çalışır. Ancaq Azərbaycan Prezidenti bu məsələdə də rəqiblərini qabaqladı. Tavuş rayonu Qərbi Azərbaycanın ayrılmaz parçasıdır. Prezident İlham Əliyevin təqdimatında isə “Qərbi Azərbaycan” tolerantlığın, sülhün və birgəyaşayışın ideal modelidir. Odur ki, Azərbaycanda yaşanan birlik və həmrəylik mühiti Qərbin istənilən təxribatına, siyasi texnologiyasına üstün gələcək. Dövlətimizin başçısının “Biz birlikdə güclüyük” şüarı bütün təxribatlara qarşı ideal ideoloji və siyasi düsturdur”.
.