Kulis "Ədəbiyyatımızın dünəni” layihəsindən Cavanşir Yusifli ilə Şərif Ağayarın tanınmış şair Məhəmmədhüseyn Şəhriyar haqqında söhbətini təqdim edir.
- Bu üzdə səs çox idi: Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz... O üzdən bircə Şəhriyarın səsi gəlirdi... Özü də elə bil, təkcə coğrafi baxımdan yox, həm də zaman baxımından uzaqdan, yəni qədimdən gəlirdi... Və açığı, mənə görə, burdakı səslərin hamısından güclü səslənir...
- Ən düzgün yanaşma odur ki, Şəhriyar modern düşüncə ilə qədimliyi mükəmməl şəkildə birləşdirən şairdir. Həm də bütün "izm” və cərəyanları ruhundan keçirib özü kimi - müstəqil qala bilən az saylı şairlərdəndir.
- Nə idi bu enerji? Hardan gəlirdi? Əruzdanmı? Folklordanmı? Kosmosdanmı?
- Bu enerjinin mənbələri məlum olsa da, sualınızın izahı çox çətindir. Dediyiniz mənbələrin heç birindən və hamısından bir yerdə. Belə bir mistik əhvalatı yəqin eşitməmiş olmazsınız. Ali ruhani rütbəli bir şəxs onu yuxuda görür. Şeir deyən yerdə. Özü də İmam Əlinin məclisində. Çapar göndərir ki, onu tapsın, görüşmək istəyir. Şəhriyar deyir ki, mən bu şeiri bir-iki gündür yazdığım. Bu hadisəni kim izah edə bilər?
Müşfiq də yuxuda şeir yazırdı. Oyanıb onları hövlnak köçürürdü.
Amma Şəhriyarla bağlı yuxu buna bənzəmir. Özünüz düşünün.
- Konkret "Heydərbabaya salam” şeiri üzərində dayanmaq istəyərdim... Məncə, ədəbiyyatda qalmaq üçün bu şeir bəs edərdi... Nə idi bu poemanın ecazı?
- Dərhal, yaddan çıxmamış bir şeyi deyim: ədəbiyyatda qalmaq üçün heç nə bəs eləmir.
Adətən, bir şairin (yazıçının) mükəmməl, güclü əsəri dünyaya gələndə, illah da ki, bunu bütün kütlə oxuyub sevəndə həmin müəllifin taleyində qəribə hadisələr baş verir. Nəyəsə susamaq və bu acgözlüklə onu "içmək” sonda onun tükənməsinə, bitməsinə səbəb olur. Bir şairin bütün yaradıcılığını bir ovuc içinə toplayan şeiri, olur ki, onun "qətlinə fərman” rolunu oynayır. Şair bur ritmin üstündə qəbul edilir, bundan sonra nə yazsa da həmin məşhur mətn kimi oxunur, şairin yaradıcılığı qalır bir kənarda, bu şeirdən yapışıb əfsanələr yaradırlar, lətifələr qoşurlar, ona elə epitetlər və metaforalar yapışdırırlar ki, bu "mistik nəhri” adlayan şair o sulardaca boğulur. Və bu heç kimin vecinə olmur.
Dediyiniz "Heydərbabaya salam” məhz bu cür sevildi, az qala hər şeyi unutdurdu, sonra məlum "əfsanələr” ayaq açdı, amma dediyimizin əksi baş verdi: şair həmin o "mistika burulğanından” sağ-salamat çıxdı, yenidən doğuldu. Bunu, zənnimizcə, iki faktorla əlaqələndirmək olar:
1. Şəhriyarın böyük istedadı. Təpədən dırnağa ədəbiyyat adamı olması və s.
2. Bu dildə danışan və sevən millətin bəlkə yüz il yol gözləyən duyğularının da mətnə nüfuz etməsi...
Müasir ədəbiyyatda müəllif-əsər-oxucu üçbucağında axırıncı həlqənin son dərəcə həssas olması faktoru unudulmamalıdır. Bir də bunu unutmayaq: Şəhriyar bir şair (demiurq) kimi mediumla müəllifliyi birləşdirirdi. Bir yandan Nizami Gəncəvi, Sədi və Hafiz kimi qədim ənənələrin daşıyıcısı idi (yerlə göyü birləşdirirdi), digər tərəfdən, modern dünya ədəbiyyatını bilən ayıq-sayıq adam idi. Ərəb, fars və fransız dilini mükəmməl şəkildə bilirdi. Necə deyərlər, "yerin altını və üstünü bilirdi”. Yəni, təsəvvür edin: qatı dumanın, toranlığın içində gözləri tükü-tükdən seçən bir adam...
O ki qaldı, "ədəbiyyatda qalmaq üçün...” deyiminə, Şəhriyar, bütün böyük yaradıcılar kimi, öz işini görürdü, bunun fərqində olmamalıydı.
Bizim tədqiqatçılar dediyiniz ecazı daha çox dil faktoru ilə bağlayırlar. Hətta anasıyla bağlı belə bir olmuş hadisəyə də tez-tez istinad edilir. Bu istinad tam doğrudur, ancaq, bizcə, məsələnin bir tərəfidir. Şəhriyarın uşaqlığı Heydərbaba dağının ətəklərində keçib. Gözəl təbii mənzərələr, uca dağlar, dağdan şaqqıltıyla axan çaylar... yaddaşında iz buraxmalıydı. İllər keçdikcə uşaqlıq xatirələri ruhunda sənin bilmədiyin, bəlkə anlamadığın şeylərlə birləşir və gözlənilməz şeylər meydana gəlir. Ümumi qənaət belədir. Ancaq belə bir ecazı həmin təcrübəni keçmiş hər kəs, hər bir şair yarada bilmir axı. Diqqət edin: "Heydərbabaya salam” poemasında, mətnin əvvəlindən sonuna kimi nə qədər ecaz, necə gözəl, əvəzsiz anımlar yada salınır, poema bizi, necə deyərlər, fərqli dolaylardan keçirir. Keçmişdən qalma, keçmişdən gələn şeylər, təsəvvür edin ki, şairin xəyalında canlandıqda "itiyi azmış kimi” boşluqda dolaşır, nəyə, yaxud nələrəsə calanıb onu tamamlamaq, yeni dünya, büsbütün orijinal gerçəklik yaratmaq istəyir. Poemada məhz bu proses gedir. Yəni, məşhur bir ifadədə olduğu kimi, şeir sözü və dili dəf etməklə başlayır. Bizim tədqiqatçılarsa bu poemanı analiz edəndə sadəcə "dil deyirlər”. Yəni: Sartr: …şair yazdığı, işlətdiyi dilin içində yox, ondan dışarıdadır, məhz belə bir vəziyyət dili maneəyə çevirir…
- O sadəlikdə o qüvvət... Möcüzə kimi gəlir adama...
- Bəli, izaha gəlməyən hadisələr. Söhbət əsl şairdən gedir.
- Fars dilində də ecazkar şeirlər yazıb...
- Söhbətin davamı kimi deyim: qəzəldə, son-möhür bənddə şairin adı niyə gəlir, bu təkcə kanonlamı bağlıdır? Bu janr hiss və duyğuların, düşüncələrin qəliblərindən hörülüb. Nə yazmaq istəsən, səni öz şəklinə və formasına salmağa hazırdır. Sanki şair üçün çox az şey qalır etməyə, həm də səni şeirdən usandırıb çıxıb getməyə, bu işlə məşğul olmamağa yönləndirmək də var. Yəni, bir tərəfdən yazmaq, özünü ifadə etmək ehtirası, digər tərəfdən buxov, qəlib və ştamplar. Səni səndən alıb axırda da adının xatırladılmasını istəyir. Sənin dilini əlindən alıb həm də danışmağını istəyir. Sadəcə qəzəl yazanlar formaya yenilir, öz aləmində yazıb-yaradır, digər qisim isə buna qarşı durur. Bu mənzərə gözüm önünə gəldikdə nədənsə "pantomima teatrı” ifadəsi yadıma düşür...
Şəhriyarı "zəmanənın Hafizi” adlandırırlar. Həm də, müasir İranda müasir dövrün ən böyük qəzəl şairi. Bir qəzəlində özü də bundan bəhs edib:
Gər mən əz eşq-i qəzali, qəzəli saxteəm
Şivei taze-yi əz Mübtəzəli saxteəm
Yəni,
Mən bir ceyranın eşqindən bir qəzəl yazmışamsa da,
Köhnəlmiş üslubdan yeni üslub yaratmışam.
(sətri tərcümə Məsiağa Məhəmmədinindir – C.Y.)
Nə idi o köhnəlmiş üslub? Əvvəla, onu deyək ki, "yeni qəzəl”i Şəhriyarsız araşdırmaq mümkünsüzdür. İran tədqiqatçısı Nadirpur yazır: "Bizim müasir qəzəlin binası dörd sütuna söykənir. Təbrizli Şəhriyar, Zəncanlı Münzəvi, Behbəhanlı Simin və Gilanlı Sayə. Şəhriyar danışıq dili, Azərbaycan ədəbiyyatı və dil yeniliklərindən istifadə edərək fars poetik dilini genişləndirib, Münzəvi isə Şəhriyarın neoklassik məktəbini izləyərək qəzəlin dilində və vəznində yeni ixtiralar edib. Müasir qəzəldə 4 şair özünə məxsus üsluba malikdir. Oxucu bu şairlərin adı çəkilməsə belə, onları tərzindən asanca tanıya bilir. Bunlar I nəsildən Şəhriyar, II nəsildən Simin, III nəsildən Neyistani və IV nəsildən isə Münzəvidir".
Şəhriyarın poetik təfəkküründəki "elastiklik”, "möcüzə icad eləmək” bacarığı sadəcə heyrətləndirir. Aydınlıq üçün türkcədən nümunələr verə bilərik
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş beylə ağardıqca daha baş da ağarı...
Yaxud:
Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryayə baxar bəllidi çayların axarı.
Tədqiqatçıların fikrincə, o, farsca və türkcə qəzəllərində çox yumşaq vəznlərdən istifadə edib. Şeir dilinin danışıq dilinə yaxınlaşması, danışıq sözlərindən qafiyə düzəldilməsi, rədifdən az istifadə edilməsi.
Amma unutmaq olmaz ki, Şəhriyarla çiyin-çiyinə, onun kimi fransız dilini və mədəniyyətini bilən Nima Yusic də vardı. Yaradıcılığının ilk dövründə Avropa modernist şeirinin güclü təsiri altında olub. Dərhal nəzərə çarpan özəlliyi: ovcunu açsan göyə uçacaq romantik duyğuların son dərəcə realist inikası! Şeirin bütün ərazisi təkrarsız, o vaxta qədər eşidilməmiş obrazlarla bəzədilib. Zəmini qüsursuz qurulub: aşıb-daşan duyğular gerçək, son dərəcə realist münasibətlə "idarə edilir”! Bu isə arxitektonikada dramatizmi gücləndirib. Buna işarə edərək Şəhriyar yazırdı:
"Mən be gəhvareyi "Hafez” ke ço tefli nazəm,
Xabe "Əfsane” rubud -u əcəbəm roya bud”
Yəni:
Mən Hafizin beşiyində nazlanan körpəyəm
"Əfsanə" yuxusu apardı məni, əcəb yuxu idi! (M.Məhəmmədi).
Nima qədim qəlibi dağıdıb, hər dörd misradan sonra bir sərbəst qafiyə işlədib və yeni struktur təklif edib.
Şəhriyar bəlli üslubla böyük bir məktəb yaradıb, ədəbi düşüncəyə təkan verib, bu təsirin altında neçə-neçə təkrarsız əsərlər yaranıb. Onu özünə ustad sayanlardan biri də qəzəldə ixtiralar etmiş Zəncanlı Hüseyn Münzəvidir.
Məlumat üçüm deyək, Hüseyn Münzəvi Zəncanın Yeddi Buruq kəndində anadan olub, Tehran Universitetini bitirib, fars ədəbiyyatı ixtisası üzrə bakalavr dərəcəsi alıb. Bu novator şairə Şəhriyar yaradıcılığı müstəsna təsir göstərib. Özü bu məsələdən belə bəhs edib: "Mən və R.Məqsudi, iki avara ruh kimi bir-birimizi şeir küçələrində tapdıq. Biz ikimiz gecələr atamın kitabxanasında o qədər Şəhriyarın divanını vərəqlərdik ki, sübh açıldı. Yəni şeir aləminə bu divan ilə daxil oldum”.
Onun yaradıcılığı haqqında bir Zəncanlı araşdırmaçının dediklərinə diqqət edin: "Münzəvi bir sıra şeir kitabı çap etdirib. Lakin onun "Həncəre-yi zəxmi-yi təqəzzül” kitabı qəzəl tarixində bir dönüş nöqtəsi sayılır. Bir müsahibəsində o, bu məsələ ilə bağlı yazırdı: "Mənim bu əsərim heç bir şairin təsiri altında yaranmayıb. Şeirimin epik ruhu və yeniliyinə görə yalnız Azərbaycan nağılları və özəlliklə Koroğlu dastanına minnətdaram”. Bu şair neçə yüz illik farsca qəzəli köhnə his-tozdan təmizlədi və bu ölümcül janrı yenidən canlandırdı.”
Çağdaş fars şair Məhəmmədəli Bəhməni bu barədə belə yazırdı: "Münzəvi bütün donmuş nöqtələri yoxladı, onların hətta ən xəfif cizgilərini mübahisə predmetinə çevirdi, qəzəli söküb başdan yaratdı və şairləri öz təsiri altında qoydu”.
- Öz səsi ilə şeir deməsi lap ecazkardır...
- Əlbəttə. İlk dəfə dinləyəndə özümdən xəbərim olmayıb. Poladı muma döndərir. Təbrizdə onun ev muzeyində olmuşam. Həmin dinlədiyim şeir yadıma düşmüşdü dərhal.
- Özü də daimi hesab işi ilə məşğul olub. Yəni ömrü quru rəqəmlər arasında keçib...
- İnsanın bir dəfə yanması, özü də dibinə qədər, bəs eləyir, bundan sonra nəylə məşğul olsan da eyninə olmayacaq. Onun kimi aşiq olan adamlar bir neçə ömrü də versən, su kimi içər, dodaqları islanmaz...
- Şəhriyarı təkcə ədəbiyyat yox, həm də ictimai hadisə kimi qəbul edirəm. Hətta bir az da siyasi hadisə kimi. Bunun adı tale olsa gərək...
- Bəli, tale... Onun İranda "ən böyük şair”, "şairlər şairi” adlanması təsadüfi deyildir. Bütün düşüncəsiylə o, bizdən çox qabaqdadır. Heydər Əliyevdən soruşanda ki, sizcə, ən böyük şair kimdir, belə cavab verib: "Şəhriyar!” Təsadüfüdürmü?
- Bəlkə də haqqında ən çox şeir yazılan, adı şeirlərdə ən çox çəkilən şairdir.
- Bəli, Şəhriyar bizim üçün Vətəndir, Ərk qalasıdır, bütün çatmadığımız arzulardır...
Şəhriyardan sonra hamı "Heydərbaba” yazdı. "Mən Vətəni niyə sevirəm” mövzusunda inşa yazan uşaqlar kimi... Hamıya fürsət verildi: sevgidən yazması üçün.
Ancaq Şəhriyarın daha böyük əsərləri də var. "Səhəndiyyə”. Eynşteynə həsr etdiyi şeir və sair.
- Şəhriyar yaradıcılığını yaxşı bilməyən gənclərə onu qısaca necə təqdim edərdiniz? Şəhriyarı niyə oxumalıdırlar?
- Şəhriyarı diqqətlə oxumalı və hissə qapılmamalıdırlar, bizim üçün bu son dərəcə önəmli məsələdir. Görkəmli şərqşünas Məsiağa Məhəmmədinin Şəhriyardan bəhs edən kitabının linkini verirəm, oxumaq gözəl şeydir. http://www.kitabxana.net/files/books/file/1453179458.pdf
Məsiağa müəllim onun farsca əsərlərinin filoloji tərcüməsini də edib. Bunları da oxusunlar. Və təkcə gənclər yox...
Şərif Ağayar
.