“İran və ABŞ Tehranın nüvə ambisiyalarının məhdudlaşdırılması üzrə danışıqlarda sanksiyaların ləğvi məsələsində fərqli mövqelərə malikdir”.

Bu barədə yüksək vəzifəli iranlı rəsmi şəxs bazar günü Reuters agentliyinə bildirib.

O, əlavə edib ki, hərbi qarşıdurma ilə bağlı narahatlıqların artdığı bir vaxtda martın əvvəlində yeni danışıqların keçirilməsi planlaşdırılır.

İran və ABŞ bu ayın əvvəlində Tehranın nüvə proqramı ilə bağlı onilliklərdir davam edən mübahisəni həll etmək üçün danışıqları bərpa edib. Bu proses ABŞ-ın Yaxın Şərqdə hərbi imkanlarını artırması fonunda baş verir və bu da daha genişmiqyaslı müharibə qorxularını gücləndirir.

İran bəyan edib ki, əgər ABŞ qüvvələri tərəfindən hücuma məruz qalarsa, Yaxın Şərqdəki Amerika hərbi bazalarına zərbə endirəcək.

“Son danışıqlar raundu göstərdi ki, sanksiyaların ləğvinin miqyası və mexanizmi ilə bağlı ABŞ-ın təklifləri İranın tələblərindən fərqlənir. Hər iki tərəf sanksiyaların aradan qaldırılması üçün məntiqi zaman cədvəli üzərində razılaşmalıdır. Bu yol xəritəsi əsaslı və qarşılıqlı maraqlara söykənməlidir” – deyə rəsmi şəxs bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi cümə günü bəyan edib ki, yaxın günlərdə əks-təklif layihəsi hazırlamağı gözləyir. ABŞ prezidenti Donald Tramp isə məhdud hərbi zərbələri nəzərdən keçirdiyini bildirib.

ABŞ-ın “sıfır zənginləşdirmə” tələbi keçmiş danışıqlarda əsas mübahisə mövzularından biri olub və Tehran bu tələbi rədd edir. Bununla belə, İran nüvə fəaliyyəti ilə bağlı müəyyən kompromislərə hazır olduğunu siqnal verib.

Vaşinqton hesab edir ki, İran ərazisində uranın zənginləşdirilməsi nüvə silahına aparan potensial yol ola bilər. İran isə nüvə silahı əldə etmək niyyətini inkar edir və uranı zənginləşdirmək hüququnun tanınmasını istəyir.

ABŞ həmçinin İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatından imtina etməsini tələb edib. BMT-nin nüvə agentliyi ötən il bu ehtiyatın 60 faizədək zənginləşdirilmiş 440 kiloqramdan artıq uran təşkil etdiyini təxmin edib. Bu göstərici silah səviyyəsi sayılan 90 faizlik həddə yaxın hesab olunur.

İranlı rəsmi bildirib ki, Tehran “dinc məqsədli nüvə zənginləşdirmə” hüququnun tanınması müqabilində yüksək zənginləşdirilmiş uran ehtiyatının bir hissəsinin ixracını, onun zənginlik səviyyəsinin azaldılmasını və regional zənginləşdirmə konsorsiumunun yaradılmasını ciddi şəkildə nəzərdən keçirə bilər.

“Danışıqlar davam edir və müvəqqəti sazişə nail olunması ehtimalı mövcuddur”, – deyə o əlavə edib.

İran rəsmiləri bildiriblər ki, diplomatik həll həm Tehran, həm də Vaşinqton üçün iqtisadi faydalar gətirə bilər.

“Danışıqlar çərçivəsində müzakirə olunan iqtisadi paket daxilində ABŞ-a İranın neft sənayesində ciddi investisiya və real iqtisadi maraqlar üçün imkanlar da təklif olunub”, – deyə rəsmi şəxs bildirib.

Bununla belə, o vurğulayıb ki, Tehran öz neft və mineral ehtiyatları üzərində nəzarəti başqasına verməyəcək:

“Nəticə etibarilə ABŞ İran üçün yalnız iqtisadi tərəfdaş ola bilər, bundan artıq yox. Amerika şirkətləri İranın neft və qaz yataqlarında podratçı qismində iştirak edə bilərlər”.

.