ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun APA-nın Moskva müxbirinə müsahibəsi.
- Qarabağ nizamlanması ilə bağlı hazırkı durumu necə qiymətləndirirsiniz?
- Uzun fasilədən sonra 2013-cü il noyabrın 19-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Görüşdə Qarabağ nizamlanması ilə bağlı kompleks məsələlər müzakirə olundu. Tərəflər danışıqlar prosesini sürətləndirmək qərarına gəlib. Xüsusi diqqət tələb edən əsas istiqamətlər müəyyən olunub. Xarici işlər nazirləri müvafiq təlimatlar alıblar, məsləhətləşmələr həmin təlimatlar əsasında aparılır. Edvard Nalbandyanla Elmar Məmmədyarov arasında iki görüş keçirilib. Həmin görüşlərdə ən mübahisəli məsələlərin detallı şəkildə müzakirəsi aparılıb. Danışıqların gedişatı müsbət məqamların olduğunu göstərir. Lakin tərəflərin mövqelərinin yaxınlaşdırılması o qədər də asan olmur. Danışıqlar prosesinin çətinlikləri münaqişənin mürrəkəbliyinə və dərinliyə uyğundur. Tərəflərin irəliləmək niyyəti var. Hazırda fransalı və amerikalı həmkarlarımla nazirlərlə ayrı-ayrılıqda məsləhətləşmələr keçiririk. Bu ilin fevralın 22-də Edvard Nalbandyanla görüşdük. Yaxın vaxtlarda Elmar Məmmədyarovla görüşməyi planlaşdırırıq. Tərəfləri qane edəcək variantlara yaxınlaşdıqca, birgə görüşlərə qayıtmaq mümkün olacaq. Öncə nazirlər səviyyəsində, sonra isə prezidentlərin Vyanada razılaşdırdıqları kimi sammitin keçirilməsi məsələsini müzakirə etmək mümkün olacaq. Məsləhətləşmələrimizi davam etdirəcəyik.
- Amerikalı həmsədr Ceyms Uorlik deyib ki, həmsədrlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarının nümayəndələri ilə Suriyadan qaçqın düşmüş ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi məsələsini müzakirə ediblər. Bununla bağlı nə deyə bilərsiniz?
- Suriyada davamlı münaqişə 2 milyon nəfərin qaçqın düşməsinə gətirib çıxarıb. Onların əksəriyyətinə bölgə ölkələri sığınacaq verib. Konkret olaraq bu barədə BMT Təhlükəsizlik Şurasının Suriyadakı humanitar durumla bağlı qətnaməsində bildirilir. Dağlıq Qarabağa gəldikdə, bura Suriyadan erməni ailələrinin axını barədə məlumatımız yoxdur. Hətta güman etsək ki, köçürülmə halları olub, bunun kütləvi olduğu inandırıcı deyil. Bununla bağlı bizi BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsindən əvvəllər də məlumatlandırıblar.
- Siz Rusiyanın Minsk qrupunun həmsədri kimi fəallığını necə qiymətləndirirsiniz? Müqayisə üçün deyim ki, əvvəlki illərdə Rusiya danışıqlarda və görüşlərin təşkilində daha fəal olub.
- Biz qonşu bölgəyə sülh və sabitliyin gəlməsində, Dağlıq Qarabağın taleyinin müəyyən olunmasında, qaçqınların yurd-yuvalarına qayıtmasında, kommunikasiyaların açılmasında, ticarət və mədəni əlaqələrin inkişafında çox maraqlıyıq. Ona görə də Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynayıb və oynamaqdadır. Məhz Rusiyanın birbaşa vasitəçiliyi ilə 20 il öncə - 1994-cü ilin may ayında qan tökülməsini dayandıran atəşkəs sazişi imzalanıb. 2008-ci ildə Qarabağ nizamlanmasında önəmli mərhələlərdən biri Moskva qətnaməsinin qəbulu olub. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ nizamlanmasına dair imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bu sənəddə tərəflərin Dağlıq Qarabağ münaqişəsinin siyasi həll yolu ilə bölgədə sabitliyi təmin etmək niyyəti dəqiq göstərilib. Ümumilikdə, Rusiya rəhbərliyinin bilavasitə iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin 20-dək görüşü təşkil olunub. Münaqişənin siyasi yolla həll variantlarından başqa tərəflər arasındakı gərginliyin azaldılması, əsirlər və həlak olmuş hərbçilərin meyitlərinin qaytarılması, münaqişə zonasında silahlı insidentlərin araşdırılması, humanitar sahədə təmasların təşkili ilə bağlı məsələlər müzakirə olunub və qərarlar qəbul edilib. Qarabağ probleminin həllinə yönəlik səylər göstərməkdə davam edirik. Ötən il Rusiyanın qəbul etdiyi xarici siyasət konsepsiyasında Qarabağ münaqişəsi tərəflərinə kömək göstərilməsi ən vacib xarici siyasət prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu, vasitəçilik fəaliyyətinə xüsusi önəm verir, onun nəticələrinə yüksək diqqəti əsaslandırır. ATƏT-in Minsk qrupunun digər həmsədr-ölkələri ilə sıx əməkdaşlıq edirik. "Üçlük” bu işi görür, özü də bütün səviyyələrdə... Lakin prezidentlərimizin də dəfələrlə qeyd etdiyi kimi, münaqişəyə son qoyulması ilə bağlı məsuliyyət tərəflərin üzərinə düşür. Bunun üçün əsas var. Ən əsası isə siyasi iradə nümayiş etdirməkdir.
.