Mənzil üçün dövlət kreditləri layihəsinin dayanmasının iki əsas səbəbi varAzərbaycanda kreditə yetəcək maaş alanlar azdır, yüksək əməkhaqqı alanların gəliri isə gizlədilir
Azərbaycanda mənzilə ehtiyacı olan minlərlə ailə var. Ölkədə minimum əmək haqqı 105 AZN, yaşayış minimumu isə 136 manatdır. Ötən il baş verən iki devalvasiya, gəlirlərin kəskin azalması fonunda qiymətlərin bahalaşması orta statistik maaşı olan şəxslərin hazırkı qiymətlərlə mənzil almasını ki, mümkünsüz edib. Buna görə də xüsusilə paytaxt Bakıda çox sayda ailə kirayədə yaşamaq məcburiyyətindədir. Bir çoxları kirayədən can qurtarmaq üçün ipoteka kreditləri ilə mənzil almağa can atır ki, aylıq pul ödəsə də, 25-30 ildən sonra mənzilin tam mülkiyyətçisi ola bilsin. Ancaq mənzil almaq üçün ipoteka kreditlərinə müraciət etmək istəyən aztəminatlı ailələr bir sıra problemlə üzləşirlər.
İbrahim Həsənov Bakıda evi olmadığı üçün illərdir kirayədə yaşamaq məcburiyyətindədir. "7 ildir ailəliyəm, artıq iki uşağım var, böyük qızım bu il məktəbə gedəcək. Ayda 250 manata kirayədə qalıram. Əslən Xocalıdanam, şəhid ailəsi olduğum üçün 4 faizlə sosial ipoteka alsam, ayda təxminən 250 manat kredit ödəmliyəm. Fikirləşirdim ki, kirayəyə verməkdənsə, aylıq ipotekaya ödəyim, heç olmasa, 30 ildən sonra uşaqlarımın evi olar. Ancaq ipoteka şərtləri mənə uyğun deyil. İlk növbədə, alınan mənzilin qiymətinin 20 faizini özüm ödəmliyəm. Bu, təxminən 10 min manat civarında bir məbləğ edir. Həmçinin ipoteka kreditinin ayrılması üçün yüksək maaş və ya gəlir tələb edilir və bunu rəsmi təsdiq edən sənəd istənilir. 750-800, 1000 manat maaş olmalıdır ki, mənə 50 min manat kredit ayrılsın. Bu qədər maaşı isə Azərbaycanda az sayda adam alır”- deyə İ.Həsənov Bizimyol.info saytına bildirib.
Rəhman Vəliyev (adı şərtidir) də əyalətdən gələrək paytaxtda işləyir. O, Bizimyol.info-ya açıqlamasında bildirib ki, ixtisası üzrə rayonda iş tapa bilmədiyinə görə Bakıda özəl sektorda çalışır. "Maaşım təxminən 700-800 manatdır. Kirayədə qaldığıma görə, ipoteka ilə mənzil almaq istədim. Bildirdilər ki, 50 min manat kommersiya xarakterli ipoteka götürmək üçün təxminən 800-1000 manat əməkhaqqı olmalıdır. Bu zaman aylıq ödəniş təxminən 380 manat olacaq. Həmçinin 20 faiz ilkin ödəniş, mənizlin sığortalanması, özümün sığortalanmağıma görə əlavə ödənişlər olacaq. Mənim 800 manat maaşım olsa da, bunun az bir hissəsi rəsmiləşdirilir. Rəhbərlik bildirir ki, əgər maaşın hamısı rəsmiləşdirilsə, vergiyə və sosial sığortaya ödənişlər çox olur, bu isə onlara sərf etmir. Bankdan isə deyirlər ki, aylıq gəlir yalnız rəsmi olarsa, ipoteka krediti üçün müraciıt edə bilərəm”. Müsahibimiz əlavə edir ki, bu məlumatları açıqladığına görə, iş yerini itirə bilər, bu səbəbdən də ad-soyadını gizli saxlamağımızı xahiş edir.
2016: ən az ipoteka verilən il
2016-cı ilin dövlət büdcəsində ipoteka kreditləri üçün 50 milyon manat nəzərdə tutulub. Verilən ipoteka məbləğinin maksimum həddinin 50 min manat olduğunu nəzərə alsaq bu, 1000 ailəni əhatə edə bilir. Amma təcrübədə daha az adam ipotekadan yararlanır.
Azərbaycan İpoteka Fondundan (AIF) bildirilib ki, son 3 ayda heç bir kredit verməyib. Bu ilin aprel ayında 93.019 manat dəyərində 2, may ayında isə 100.001 min manat həcmində 2 ipoteka krediti verilib. Bu ilin ilk yarısında cəmi 22 adi ipoteka verilib, güzəştli ipotekanı isə 96 nəfər alıb.
Azərbaycanda ipoteka kreditləri 2006-cı ildən verilməyə başlayıb. Sentyabrın 1-nə ölkədə 17 997 ipoteka krediti verilib. Həmin kreditlərin ümumi məbləği 730 802,420 min manatdır.
Fondun açıqladığı rəqəmlərə görə, ipoteka krediti mexanizminin işə düşdüyü 10 ildən bəri borcalanların çoxu aya 900-1100 manatdan yuxarı əmək haqqı alanlardır: 67 faiz. 500 manata qədər maaş alanların yalnız 4 faizi ipoteka kreditindən yararlana bilib.

İpotekadan yararlananların 21 faizi bank və sığorta sektorunda çalışanlar, 22 faizi hərbçilərdir. Bu kreditdən 1,7 faiz səhiyyə, 2,5 faiz təhsil işçiləri yararlanıb.

2006-cı ildə bəri maliyyələşdirilmiş 18 minə yaxın ipoteka kreditinin 13 mindən çoxu Bakının payına düşüb.

Ekspert Rəşad Həsənov: "Kreditlərin 70 faizini gəlirləri 900 manatdan yuxarı olan vətəndaşlar alıb”
Dəfələrlə Milli Məclisdə ipoteka şərtlərinin sadələşdirilməsi ilə bağlı təkliflər səsləndirilsə də, hələ də real addım atılmayıb. Əsas təkliflərə kommersiya ipotekasının 8 faizdən 5 faizə, sosial ipotekaların isə 4 faizdən 1-2 faizədək endirilməsi daxildir. Eyni zamanda 15-20 faiz ilkin ödənişin ləğv olunması və ya azaldılması təklif olunur. İpoteka üçün ayrılan məbləğin də artırılması da müzakirə mövzusudur.

Ekspert Rəşad Həsənov da Bizimyol.info saytına şərhində deyib ki, Azərbaycanda ipoteka kreditləri əhalinin mövcud gəlirlərinə uyğun deyil. "Nəzərə alsaq ki, Azərbaycanda orta aylıq əməkhaqqı 470-480 manatdır, ipoteka kreditnə görə aylıq ödənişləri ödəmək ailələr üçün çətinlik yaradır. Həmçinin faizlər yüksəkdir və vətəndaş kommersiya ipotekasında aldığı məbləğdin 2.5 dəfə, güzəştli ipotekada isə bir dəfə artığını ödəmək məcburiyyətində qalır. Bu, həm qonşu, həm də digər Avropa ölkələri ilə müqayisdə çox yüksəkdir. Avropada yaşayan insanların gəlirləri bizdən qat-qat üstün olsa da, ipoteka faizləri də bizdən çox aşağıdır. Həmçinin 50 min manat məbləğindəki yuxarı hədd vətəndaşa mənzil problemini birdəfəlik həll etməyə imkan vermir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən "Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına kreditlərin verilməsi qaydaları" bu məbləğin 100 min manatadək artırılmasına imkan versə də, hələlik qaydaların tətbiqinə başlanılmayıb”.
Ekspert onu da əlavə edir ki, problemin həll edilməsi üçün yeni qaydalarda nəzərdə tutulduğu kimi kreditlərin həcmi artırılmalıdır. "Həmçinin sənədləşdirmə prosesi məhdudlaşdırılmalı və hədlər müəyyən edilməlidir. Çünki ipoteka kreditlərinin verilmə həcminə baxanda görürük ki, kreditlərin 70 faizini gəlirləri 900 manatdan yuxarı olan vətəndaşlar alıb. Bu isə ədalətli deyil. Çünki kreditlər dövlət vəsaiti hesabına verilirsə, əsasən aztəminatlı ailələrin mənzil probleminin həllinə istiqamətlənməlidir. Bu səbəbdən də gəlirlərin yuxarı həddi limiti tətbiq olunmalıdır ki, məsələn gəliri 800 manatdan yuxarı olanlara ipoteka kreditinin verilməsi dayandırılsın. Hazırda qanunda belə bir tələb yoxdur, ictimai tələbat da yüksək olduğu üçün banklar kredit portfelini zəmanətə almaq üçün yüksək gəlirli müştərilərə üstünlük verir. Bu səbəbdəndir ki, hər 100 ipotekadan 36-nı aylıq gəiri 1100 manatdan yixarı alanlar götürüb” - deyə Rəşad Həsənov bildirir.

Ekspert Rəfail Hacıyev: "Tələb olunan aylıq gəlir çox deyil”
İpoteka kreditləri üzrə ekspert Rafail Hacıyev Bizimyol.info saytına açıqlamasında deyir ki, müştərilərin ipotka kreditlərinə əlçatımlıq məsələsi şərtlərin ağırlığı ilə bağlıdır. Ancaq ekspert müştəritin aylıq gəliri ilə bağlı tələb olunan məbləğin çox olmadığj qənaətindədir. "Tələb olunan məbləğdə ailə üzvlərinin sayına uyğun olaraq adambaşına düşən minimum yaşayış həddi və üstəlik kredit məbləği hesablanır. Azərbaycan ailəsi orta statistikada 4-5 nəfərdən ibarət olur. Bu da 550-600 manat edir. Bundan əlavə ailənin krediti ödəmək üçün də əlavə pulu qalmalıdır. Yəni İpoteka Fondunun qaydalarında qoyulan rəqəmlər elə də çox deyil. Sadəcə iqtisadi çətinliklərlə əlaqədar ailələrin gəlirlərinin azalması müşahidə olunur. Yəni adambaşına 136 manat minimum yaşayış həddi hesablanır. Məlumdur ki, hətta bu da real rəqəm deyil. Sadəcə xərclərin maksimum azaldılması üçün bu qədər nəzərdə tutulub. Amma müştərinin hətta bu rəqəmlə uzlaşan gəliri yoxdursa, ona necə ipoteka verilə bilər? Məlumdur ki, bu gəliri olmayan şəxsin kredit ödənişlərində problem yaranacaq”.
R.Hacıyev bildirir ki, ipoteka ilə bağlı yeni qaydalarda da şərtlər yumşaldılmayıb.
Vətəndaşların gəlirlərinin olduğu halda, az rəsmiləşməsi və ya ümumiyyətlə göstərilməməsinə gəlincə, ekspert bildirir ki, bu, işəgötürənlə işçi arasında yaşanan bir məsələdir və buna dövlət səviyyəsində nəzarət olunmalıdır. Aylıq maaşların və ya gəlirlərin az rəsmiləşdirilməsi isə nəticə etibarilə vətəndaşın ipotekadan yararlana bilməməsinə səbəb olur. Ekspert vurğulayır ki, bu məsələyə dövlət tərəfindən ciddi nəzarət olunmalıdır.
Digər ölkələrlə müqayisə
Rusiyada da faizlər yüksəkdir - 8 faizdən 14 faizədək dəyişir. 20 faiz ilkin ödəniş olarsa, bu, faizin daha aşağı hesablanmasına səbəb olur.
İllik faiz dərəcələri Türkiyədə 6-10, Gürcüstanda 7-12%- dir. Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistanda 25 illik ipoteka kreditlərinin illik dərəcəsi 12-15 faiz, Qırğızıstanda isə 7-14 faiz təşkil edir.
Avropada isə ən aşağı faiz dərəcələri Avstriya, Böyük Britaniya, Almaniya, Fransa və İsveçrədədir. Həmçinin bu ölkələrdə ipoteka şərtləri də sərt deyil.
Avstriyada illik faiz dərəcələri 2,5-4 %, Böyük Britaniyada 2,5-5%, Almaniyada 1.8-4%, Fransda 1.8-3,7%, İsveçrədə 1.6-2.4 faizdir. Rəqəmlər müddətə və şərtlərə görə dəyişə bilir.
