"Azərbaycanda qeyri-neft sektoru, lokomotiv tikinti, yerli vergilər xətti ilə topalanacağı nəzərdə tutulan 2 milyard 139 milyon manat vəsaitin 70%-i dövlət büdcəsinin əsaslı vəsait qoyuluşuna yatırılan puldan götürülür”. Bunu büdcə müzakirələri zamanı deputat İlyas İsmayılov bildirib.
"Belə çıxır ki, dövlət pulu bir cibindən digər bir cibinə qoyur. Bu heç bir halda iqtisadi proses sayıla bilməz. Eyni ilə büdcə təşkilatlarının kommunal xərcləri üçün ayrılan vəsaitin layihədə birdən-birə 85% artması da əslində elə dövlətin pulunun bir cibdən digərinə qoyulması deməkdir”.
Deputat əlavə edib ki, ölkədə hər il özəl tikinti şirkətləri tərəfindən onlarla dövlət obyekti tikilib istifadəyə verilir: "Araşdırmalar göstərir ki, təkcə özəl şirkətlər hesabına Azərbaycanda ildə orta hesabla 1,8 milyon kvadrat metr yaşayış sahəsi istifadəyə verilir. Bəs reallıqda bu rəqəm necə olmalıdır? Azərbaycan kimi neft ölkəsi sayılan Rusiya və Qazaxıstanda il ərzində adambaşına 4,9 və 1,3 kvadrat metr yaşayış sahəsi istifadəyə verilir. Ölkəmizdə isə heç 0,2 kvadrat metr yaşayış sahəsi istifadəyə verilmir. Deməli, ən azı göstərilən rəqəmlə bu qədər mənzil sahəsinin tikintisi vergi və statistikadan gizlədilir”.
Deputatın fikrincə, Azərbaycanda tikinti sektoru əmək və vergi qanunvericiliyinin ən çox pozulduğu sahələrdən biridir. "Belə ki, inşaat şirkətləri və sosial ayırmalardan qaçmaq məqsədi ilə işçilərinin real sayını və əmək haqqını gizlədir. Bu həm işçilərin hüquqlarının pozulması, həm də vergi baxımdan böyük itkidir”.
İ. İsmayılovun sözlərinə görə, Azərbaycanda əksər tikinti şirkətlərinin güclü himayədarları var və bu himayədarlıq tək qanunçuluq baxımından deyil, həm də dövlətin vergi siyasətinə ziddir.
"Bəs niyə görə dövlət bu sahədə, yəni "kölgə iqtisadiyyatı”nda qayda-qanun yaratmır. Onlardan yığa bilmədiyi vergi yükünü isə gəlir şəklində əhalinin çiyninə yükləyir. Hesab edirəm ki, "kölgə iqtisadiyyatı”nın üzə çıxarılması yolu ilə vergi yığımını xeyli artırmaq olar”.
Dövlət strukturlarında ciddi islahatların aparılmasının vacibliyini qeyd edən İ.İsmayılov bildirib ki, dövlət idarəetmə strukturlarına yenidən nəzərdən keçirərək, bir çox respublika və rayon səviyyəli qurumları ləğv etməli və yaxud birləşdirməlidir.
İ.İsmayılov eyni zamanda bildirib ki, ayrılan vəsaitin ünvanlılığı təmin edilmədiyindən azərbaycanlı ailə gəlirinin 40-60%-ni ərzağa, 20-30%-ni kommunal xərclərə yönəldir. "Yerdə qalan 10% ilə nə etmək olar?! Azərbaycanın dövlət idarəçilik sisteminin yuxarı və orta pillələrində elə məmur təbəqəsi formalaşıb ki, onların heç də hamısı real iqtisadiyyatın irəliyə aparılmasında, "kölgə iqtisadiyyatı” ilə ciddi mübarizə aparılmasında maraqlı deyil və onlar ümumiyyətlə islahatın nə olduğunu bilmirlər. Elə bu səbəbdən də ölkəmiz, xalqımız bu böyük potensialdan tam istifadə edə bilmir”.
.