Bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yüzlərlə tələbəsi aksiya keçirərək cəbhəyə getmək istədiyini bildirib.
Virtualaz.org saytının əməkdaşı xəbər verir ki, tədbir "Qarabağ bizimdir, bizim olacaq”, "Şəhidlər ölməz, vətən bölünməz” şüarları ilə başlayıb. Çıxış edən gənclər Ali Baş Komandanın əmrini gözlədiklərini deyiblər.
Akademiyanın müəllimi Qılınc Əhmədov saytın əməkdaşları ilə söhbətində tanınmış idmançıların cəbhəyə getmək üçün müraciət etdiyini söyləyib: "Yüngül atletika üzrə yığma komandanın üzvü, beynəlxalq yarışların qalibi Nazim Babayev burdadır. Olimpiya oyunlarının iştirakçıları olan yeniyetmələr, qadın iştirakçıları da cəbhəyə getmək istəyirlər”.
Olimpiya Oyunlarının iştirakçısı Azər Məmmədov da cəbhəyə getmək istədiyini bildirib. "Biz cəbhədə baş verənləri həyəcanla izləyirik. Döyüşə getmək üçün müraciət etmişik. Bizə icazə verilərsə, yüzlərlə idmançı cəbhəyə yola düzəcək”.
"Ulu öndərin dediyi kimi, müstəqilliyi qazanmaq asandır, amma onu saxlamaq çətindir. Biz çalışmalıyıq ki, müstəqilliyimizin qorunması uğrunda döyüşək”, - deyə tələbələrdən biri öz çıxışında söyləyib.
Akademiyanın rektoru Fuad Hacıyev isə deyib ki, ermənilər daim öz məkrli siyasətini yürüdüb: "Bizim güclü ordumuz, mübariz əsgərlərimiz var. Qələbələrin ardıcıl olacağına inanırıq. Hamımız döyüşə hazırıq”.
Çıxış edən qadın tələbələr də cəbhədə döyüşə getmək istədiklərini söyləyiblər.
.
