“Ermənistan tərəfi daim beynəlxalq media ilə ünsiyyətdə bir məqamı vurğulayır ki, guya Azərbaycan Xankəndidə yerləşən dinc obyektləri atəşə tutub. Mən vurğulamaq istərdim ki, Azərbaycan tərəfi, Azərbaycan Ordusu mülki insanlara qarşı hücumlar həyata keçirmir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib
O bildirib ki, Xankəndidə Azərbaycanın Tərtər və digər şəhərlərinə qarşı istifadə olunan 2-3 raket hissələri yerləşdirilmişdi: “ Həmçinin orada Ermənistan tərəfinin böyük raket və digər silah-sursat anbarları da yerləşdirilmişdi. Biz beynəlxalq kanallarla 2-3 oktyabr tarixlərində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik vasitəsilə də Ermənistan tərəfinə müraciət etmişik ki, bu cür obyektlər Xankəndidən çıxarılsın. Çünki bu, mənəviyyat məsələsidir. Lakin bu müraciətdən sonra Ermənistan tərəfi Tərtərə qarşı daha sərt hücuma keçdi. Və biz Xankəndində yerləşən bu hərbi obyektləri məhv etməyə məcbur olduq. Çox təəssüflər olsun ki, Ermənistan tərəfi bu cür hərbi obyektləri dinc əhalinin yaşadığı ərazidə yerləşdirir. Bu cür hallarda dinc əhali hərdən ziyan çəkə bilir. Lakin bunu Azərbaycan tərəfinin itkiləri ilə müqayisə etmək olmur”.
Prezidentin köməkçisi: “Azərbaycanda olan yaralı erməni əsirlər tibbi dəstəklə təmin olunublar”
“Azərbaycanda yaralı erməni əsirlər var. Onlara qarşı münasibətdə Azərbaycan Respublikası özünün Cenevrə konvensiyasına sadiqliyini nümayiş etdirdi”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Eyni zamanda, Azərbaycan özünün yüksək mənəvi dəyər və əxlaqını göstərərək yaralılara beynəlxalq humanitar hüquq əsasında lazımi yardımı göstərdi. Onlar tibbi dəstəklə təmin olundular və ailə üzvləri ilə də əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də bu şəxslər barəsində məlumatlandırılıb və təşkilat da yaralılarla təmasdadır”, - deyə H. Hacıyev vurğulayıb.
Prezidentin köməkçisi: “Ermənistan ordusu tərəfindən mülki əhaliyə qarşı hücumlarla bağlı AİHM-ə müraciət ediləcək”
Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumlarla bağlı hər bir fakt Azərbaycan Baş Prokurorluğu tərəfindən sənədləşdirilir, cinayət işləri başlanır, materiallar toplanır.
Bbu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi və digər aidiyyəti qurumlara müraciətlərin edilməsi nəzərdə tutulub.
.
