Azərbaycanın strategiyası ondan ibarətdir ki artıq müharibə bitib və biz sülhü qazanmalıyıq, lakin təəssüflər olsun ki, Ermənistan tərəfi sülhü itirmək istiqamətində addımlar atır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin "i24news" telekanalına müsahibəsində deyib.

O, Azərbaycan tərəfinin sülhü itirməyə şans vermək istəmədiyini və Ermənistana sülh təklif etdiyini vurğulayıb.

“Azərbaycan Ermənistana sülh sazişi imzalamağı təklif edib ki, diplomatik çevrələrdə bunu bəzən Misir və İsrail arasındakı "Kamp -Devid" prosesi ilə müqayisə edirlər. Hansı ki, bu danışıqlar Yaxın Şərqin xəritəsini dəyişib. Biz ABŞ və digər ölkələrlə bu prosesi dəstəkləyir, eyni zamanda bu prosesin digər qatı olan Qarabağın Azərbaycanın iqtisadi, siyasi və sosial həyatına reinteqrasiyası prosesini xatırladırıq”.

Hikmət Hacıyev həmin ərazilərdə Ermənistana tabe olan və eyni zamanda bu ölkə tərəfindən maliyyələşdirilən və dəstəklənən separatçı qurum tərəfindən “boz zona”ların statusunun saxlanılmasına çalışdığını qeyd edib. O, Ağdam-Xankəndi yolunun açılmasının üstünlüklərini qeyd edib.

“Biz deyirik ki, bir yol yaxşıdır, amma iki yol daha yaxşıdır. Azərbaycan yeni yollar tikir və bu Qarabağ ermənilərinə Azərbaycanın digər hissələri ilə kommunikasiya qurmaq imkanı verir. Yəni söhbət iki yoldan gedir. Laçın yolu əsasən, Ermənistan və Qarabağ arasında əlaqəyə imkan verir, lakin biz deyirik ki, digər Ağdam-Xankəndi yolu da var. Bu yol daha səmərəlidir və logistika və nəqliyyat baxımından daha çox imkanları var. Eyni zamanda bu yol Azərbaycanın bütün bazarlarına və qonşu ölkələrin bazarlarına birbaşa girişi təmin edir. Belə olan halda, Qarabağın erməni sakinlərinin həm Azərbaycanın daxili, həm də regional ölkələrlə daha yaxşı kommunikasiya qurmaq üçün şansları olacaq. Yəni bu həm də reinteqrasiya üçün bir imkandır”.

Prezidentin köməkçisi Ermənistan və onun maliyyələşdirdiyi separatçı qurumun yolun açılmasına maneə törətdiyini deyib.

“Onlar deyir biz "boz zona” olmasını, bu ərazilərdə hərbi birləşmələrimizin olmağını istəyirik. Onların ərazidə 10 minlik qanunsuz hərbi qrupu var. Onlar Azərbaycanın mülki əhalisini raketlərlə və digər hərbi silahlarla hədələyir. Onların artıq belə bir təcrübəsi olub. Lakin hər kəs başa düşməlidir ki suveren ölkə olan Azərbaycan artıq hərbi qruplaşma və silahlı qüvvələr malik olan eyni zamanda separatçı qurumun olduğu "biz zona”ya sahib olmağı qəbul edə bilməz. Problemin qaynağı budur. Çox təəssüf ki, biz Azərbaycana qarşı yeni stereotiplər dalğası və media və dezinformasiya kampaniyası görürük”, Hikmət Hacıyev qeyd edib.

.