Milli Şurada həmsədrlik institutunun yaradılması təklifi quruma üzv olan partiyalar və şəxslər arasında fikir ayrılığı yaradıb.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şurada həmsədrlik institutu yaradılması təklifini ilk dəfə özünün irəli sürdüyünü, ancaq Rüstəm İbrahimbəyovun o zaman bunun əleyhinə çıxdığını deyir:
"Bu müzakirələr Milli Şura yaranan ərəfədə aparılıb. Rüstəm İbrahimbəyov özü dedi ki, Milli Şuranın sədri olması daha düzgündür. Biz də müəyyən ictimai rəyi, siyasi, ictimai qüvvələrin, ziyalıların bir araya gəlməsi ilə bağlı maraqları nəzərə alaraq, Rüstəm İbrahimbəyova şərait yaratmağı qərara aldıq. Rüstəm İbrahimbəyov həm də Müsavat Partiyasının razılıq və səsverməsi nəticəsində Milli Şuranın sədri seçilib. Rüstəm İbrahimbəyovu həm sədr seçdik, həm də onun Milli Şuranın prezidentliyə namizədliyinin irəli sürülməsinə tərəfdar çıxdıq”.
A.Hacılı hazırda Müsavatda Milli Şurada həmsədrlik institutu ilə bağlı müzakirələr getdiyini, yekun qərar qəbul edilmədiyini söylədi.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə bildirib ki, Milli Şurada həmsədrliyə ehtiyac yoxdur. Sədrlik institutu saxlanmalıdır.
Rüstəm İbrahimbəyov isə APA-ya müsahibəsində Milli Şurada həmsədrlik institutunun özünü doğrultmayacağı haqda iddiaların əsassız olduğunu və sədrlikdən isə getmək fikrində olmadığını bəyan edib: "Mən indiki vəziyyətdə Cəmil Həsənlini Azərbaycanda bir nömrəli siyasi lider sayıram. Mən Cəmil Həsənliyə əvvəllər də dəfələrlə təklif etmişdim ki, Milli Şurada sədr olsun, o imtina edir, deyirdi ki, sizinlə birgə işləyərəm. Mənim Milli Şuranın sədrliyindən imtina etmək fikrim yoxdur. İndiki vəziyyətdə Milli Şuraya sədrlikdən imtina etmərəm. Çünki yaxşı mənada taleyim, vicdanım məni məcbur edib ki, Milli Şuranın sədri olum. Bu yolu da axıra kimi gedəcəyəm”.
Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov isə həmsədrlik institutunun yaradılmasının məqsədəuyğun olduğunu deyib: "Bu təklifi ilk dəfə mən səsləndirmişəm. Bu ideya Milli Şura üzvləri arasında çox populyardır. Başqa ideyalar da var. Son qərarı sessiya verəcək. Bizim təklifimiz ondan ibarətdir ki, həmsədrlik yaradılsın və Rüstəm İbrahimbəyovla Cəmil Həsənli həmsədr olsun. Burada heç bir təhlükə yoxdur və balansı pozmur. Rüstəm İbrahimbəyov Milli Şuranın beynəlxalq əlaqələrini, Cəmil Həsənli isə Bakıdakı fəaliyyətini qura bilər. Milli Şuraya daxil olan siyasi qurumların əksəriyyəti də bu fikirdədir. Lakin başqa fikirlər də var. Buna görə də ümumi qərar qəbul edənə qədər müzakirələri davam etdirmək niyyətindəyik”.
Milli Şuranın bəzi üzvləri tərəfindən siyasi partiya rəhbərlərinin də qurumun həmsədrliyində təmsil olunmasına münasibət bildirən E. Namazov deyib ki, Milli Şuranın formatı nəzərə alınmalıdır: "Əgər partiya sədrləri də həmsədrlikdə təmsil olunsa, bu, 7-8 həmsədrin olmasına gətirib çıxarır. Düşünürəm ki, bu, Milli Şuranın təməl prinsiplərinə zidd olardı”.
AXCP sədrinin müavini Fuad Qəhərmanlı isə bildirdi ki, Rüstəm İbrahimbəyovun sədrlikdən getməsi ilə bağlı təklifin heç bir əsası yoxdur. Çünki bu cür məsələlər şəxsi münasibət kontekstindən həll olunmamalıdır: "Sədr vəzifəsini icra edən şəxsin qurumun fəaliyyətində oynadığı rol və onun ictimai nüfuzu, ümumiyyətlə, Milli Şuranın fəaliyyətinə verə biləcəyi fayda nəzərə alınmalıdır. Bu baxımdan Rüstəm İbrahimbəyov kifayət qədər nüfuzlu bir ziyalıdır, beynəlxalq səviyyədə tanınan şəxsdir. Onun Milli Şuranın sədri kimi fəaliyyət göstərməsi Milli Şuraya ancaq xeyir gətirə bilər”.
KXCP sədrinin müavini, Milli Şuranın üzvü Xəzər Teyyublu dedi ki, təmsil olunduğu partiyanın Milli Şuranın idarə olunması, fəaliyyət istiqamətləri, strukturlaşması ilə bağlı təkliflər paketi hazırlanıb. Həmin təkliflər paketi Milli Şuraya təqdim olunacaq: "Milli Şura Rüstəm İbrahimbəyovun ideyası və təklifi ilə yaranıb. İndi həmsədrlik institutunun yaradılmasını da Rüstəm bəy təklif edir. Bunu sözsüz ki, ciddi müzakirə edəcəyik. Ancaq şəxsi mövqeyim belədir ki, Azərbaycan reallığında həmsədrlik sədrlikdən uğurlu ola bilməz. Məncə, sədrlik institutunu saxlamaq mümkündür və vacibdir. Mən sədrlik institutunun yaradılmasının tərəfdarıyam”.


.