Ramazan ayı bitdikdən sonra oruc tutan şəxslər əvvəlki qidalanmaya qayıdır. Bir ay ərzində fərqli rejimə uyğunlaşan orqanizmdə normal qidalanmaya dönən zaman bəzi narahatlıqlar baş verə bilər. Narahatlığın olmaması üçün normal qida rasionuna qayıdarkən bəzi məqamlara diqqət yetirmək lazımdır.

Kliniki Tibbi Mərkəzin Terapiya şöbəsinin uzman həkim-terapevti Nuranə Əliyeva bildirir ki, bir aylıq Ramazan ayı müddətində metabolizmanın sürəti azalır. İnsanın uzun müddət ac qalıb qəfil normal qidalanmaya dönməsi sürətli olmamalıdır:

“Zəifləmiş metabolizma ilə normal qidalanmaya keçmək, oruc tutan şəxslərdə çəki artımına səbəb ola bilir. Çəki artımı olmasın deyə gün ərzindən 2.5-3 litr maye qəbul etmək lazımdır. Səhər qidalanmaya ilıq su ilə başlamaq olar. Bu həm həzm sisteminə kömək edir, həm də insanların özlərini daha yüngül hiss etmələrinə, köp şikayətinin olmamasına şərait yaradır".

N. Əliyeva bildirir ki, səhər yeməklərində yüngül qidalardan istifadə etmək, ağır yeməklərdən isə çəkinmək lazımdır:

“Səhər yeməyində az yağ, az duzlu pendir, yumurtadan hazırlanmış omletlərdən istifadə etmək olar. Gün ərzində iki yemək vaxtı arasında da qida qəbulu vacibdir. Bu, meyvə, bir stəkan qatıq, əgər laktoza qarşı dözümsüzlük yoxdursa, süd ola bilər. Günorta daha çox tərəvəz yeməklərinə üstünlük verilməsi tövsiyə edilir. Axşam yeməklərində ət tərkibli yeməklərin olması vacibdir. Bu dövrdə mümkün qədər karbohidrat ağırlıqlı, şəkəri çox olan qidalardan istifadə edilməməlidir. Çünki şəkərli qidalar anidən qandakı insulini yüksəldir. Bununla yanaşı, axşam yeməyi gecə yatmazdan azı 4 saat əvvəl bitirmək lazımdır. Yatmazdan öncə yaşıl çay, çobanyastığı çayı, bitki çaylardan istifadə edə bilərlər. İlıq süd və ya su içmək olar”.

.