Demokratiyaya Yardım İctimai Birliyinin hazırda həbsdə olan əməkdaşı Tofiq Qasımov hüquq müdafiəçiləri və ombudsmanla görüş tələb edir.
Bu barədə yenizaman.az-a T.Qasımovun yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, Tofiq Qasımov hazırda saxlanıldığı Kürdəxanı təcridxanasından yaxınlarına köməklik edilməsi üçün xəbər göndərib: "Tofiq Qasımov bildirib ki, Demokratiyaya Yardım İctimai Birliyinin rəhbəri Emil Məmmədli ilə üzləşmədən əvvəl ona təzyiq olub. Məhz təzyiq nəticəsində üzləşmədə Emil Məmmədli barəsində yalan ifadə verib. Belə ki, Salyan polisində ondan təzyiq altında özü və Emil Məmmədli əleyhinə ifadə alınıb. Ona görə də indi hüquq müdafiəçiləri və vəkillə görüş istəyir”.
Qeyd edək ki, Tofiq Qasımov aprelin 4-də ictimai yerdə xuliqanlıq törətməkdə ittiham olunaraq 10 sutkalıq həbs cəzasına məhkum edilmişdi. Aprelin 14-də isə ona qarşı yeni ittihamlar irəli sürüldü və həbs müddəti uzadıldı.
.
