Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, xarici tələbələrin ölkə iqtisadiyyatına illik ümumi töhfəsi 1,2 milyard lari (təxminən 445 milyon ABŞ dolları - red.) təşkil edir.

Bu barədə "Report"un Gürcüstan bürosu xəbər verir.

Onun sözlərinə görə, bu məbləğ hər il Gürcüstanın dövlət büdcəsinə təxminən 300 milyon lari (təxminən 111.3 milyon ABŞ dolları - red.) vəsaitin daxil olması deməkdir.

Baş nazir qeyd edib ki, xarici tələbələr təkcə maliyyə baxımından deyil, məşğulluq sahəsində də mühüm rol oynayırlar. Belə ki, onların hesabına ölkədə 10 mindən çox iş yeri yaradılıb.

"Xarici tələbələr üçün mövcud proqramların ləğvi Gürcüstan iqtisadiyyatına, dövlət büdcəsinə və məşğulluq səviyyəsinə ciddi zərər vura bilər", – deyə İrakli Kobaxidze vurğulayıb.

Hökumət başçısı, həmçinin bildirib ki, xarici tələbələr diplomlarını əldə etdikdən dərhal sonra ölkəni tərk edirlər və bu səbəbdən Gürcüstanın demoqrafik mənzərəsi üçün heç bir risk yaratmırlar.

Onun sözlərinə görə, mövcud siyasət həm iqtisadi faydanın qorunmasına, həm də ölkənin uzunmüddətli demoqrafik və sosial balansının saxlanmasına imkan verir.

.