Gəncə şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin təkbətək formatda üçtərəfli görüşü başlayıb.
Yenizaman.az-ın Göncədəki əməkdaşının verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, təkbətək formatda görüşdən sonra geniş tərkibdə görüş olacaq. Nazirlərin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşü də nəzərdə tutulub. Daha sonra mətbuat konfransı keçiriləcək.
Bu gün Gürcüstanın Gəncədə yeni konsulluq binasının açılış mərasimi də olacaq. Nazirlərin açılış mərasimində iştirakı gözlənilir.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana gəliblər. Gəncədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə üç ölkə XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir.
*** 10 : 58
Bu dəqiqələrdə Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovla Əhməd Davudoğlunun Gəncədə "Vego” otelində görüşü keçirilir. Yenizaman.az-ın Gəncədəki əməkdaşının verdiyi məlumata görə, görüşə Gürcüstanına xarici işlər naziri Maya Pancikidzenin də qatılacağı gözlənilir. Tərəflər qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Gəncə görüşü Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçüncü üçtərəfli görüşüdür.
.
