
“Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə - Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə diqqət yönəlmək istəyirəm”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnarə Akimova bildirib.
Deputat deyib ki, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksində Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü: “Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da böyük bir mənəvi zərbə alırıq”.
Bu faciələrin qarşısının alınmasına toxunan deputat bildirib ki, məktəblərdə psixologiya fənninin dərinləşməsinə diqqət yetirilməlidir: “Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində həqiqətən də məktəblilərlə psixoloji təlimlər keçilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə çox böyük ehtiyac var. Əsl psixologiya peşəsinə sahib olanlar bura cəlb olunmalıdırlar. Yəni kimya müəllimi, fizika, texnologiya, yaxud biologiya müəllimi gəlib psixologiya fənini tədris etməməlidir”.
Elnarə Akimova vurğulayıb ki, məktəblərdə mütaliəsiz nəsil yetişir: “Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu, artıq böyük bir problemə çevrilməkdədir. Təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət bir başqa olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyyata toxunan, mənəviyyata xidmət edən bir sahədir”.
Deputat əlavə edib ki, mədəniyyətın təməllərini qorumaq lazımdır: “Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik. Məsələn, məktəblərdə bizim şagirdlərin saç düzümü, geyimi diqqət mərkəzində olmalıdır. Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil. Məktəb əxlaqı, dünyagörüşü və yüksək mənəviyyatı formalaşdıran ocaqdır. Gecikəndə, bax belə adda-budda da olsa neqativləri çıxır. Bu neqativlərin böyük bir dalğaya çevrilməməsi üçün cəmiyyət olaraq doğrudan da narahat olmalı və işlər görməliyik. Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik”.
.