2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 407 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5%-ini təşkil edəcək.

Maliyyə Nazirliyindən verilən məlumata görə, gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8% çoxdur. Gəlirlərin 52,4%-i neft sektorunun, 47,6%-i qeyri-neft sektorunun payına düşəcək.

Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7%-ini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3%-ini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır. Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 844 mln. manat və ya 19,3% proqnozlaşdırmağa imkan verir.

2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5% artıq olmaqla 28 974 mln. manat məbləğində (ÜDM-in 35,6%-i) proqnozlaşdırılıb. Xərclərin 68,7%-ini cari xərclər, 24,7%-ini əsaslı xərclər, 6,6%-ini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 %-lik artımı, əsaslı xərclərin 14,1-%, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13% azalması proqnozlaşdırılır.

Beləliklə, 2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6% az olmaqla 2 567 mln. manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2%ini təşkil edəcəkdir. Kəsir vahid xəzinə hesabının qalığı (45,2%), daxili və xarici borclanma (27,3%), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1%) və özəlləşmədən daxilolmalar (4,4%) hesabına maliyyələşdiriləcək.

Gələn ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb

Gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb.

2022-ci il üçün dövlət büdcəsində COVID-19 pandemiyası ilə bağlı risklər açıqlanıb

2022-ci il üçün dövlət büdcəsində COVID-19 pandemiyası ilə bağlı risklər açıqlanıb.

Bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Bildirilib ki, COVID-19 pandemiyasına qarşı aparılan effektiv və səmərəli vaksinasiya prosesi, bu sahədə düzgün dövlət siyasəti, tədricən qapanmaların aradan qaldırılması, iqtisadiyyatı stimullaşdırma tədbirləri və bu kimi digər amillər fonunda ölkəmizdə iqtisadi canlanma müşahidə edilməkdədir.

Qeyd edilən bütün müsbət tendensiyalara baxmayaraq, hələ də pandemiyanın yeni daha yüksək yoluxdurma sürətinə malik olan ştammlarının yayılması, virusun mutasiyası ilə bağlı risklər yüksək olaraq qalmaqdadır və 2022-ci ildə və ortamüddətli dövrdə dövlət büdcəsi üçün əsas çağırışlardan biri kimi aktuallığını itirmir.

Pandemiyanın növbəti dalğalarının baş verməsi növbəti illərdə səhiyyə və digər sahələrdə zəruri tədbirlərin həyata keçirilməsi üçün əlavə vəsaitlərə ehtiyac yarada bilər ki, bu da öz növbəsində büdcənin xərc strukturuna yenidən baxılması, o cümlədən qaçılmaz xərc ehtiyaclarının mövcud ehtiyatlar və ya əlavə borclanma hesabına təmin olunması zərurətini ortaya çıxara bilər.

Digər tərəfdən, pandemiya ilə mübarizə çərçivəsində sərhədlərin qismən qapalı saxlanılması, beynəlxalq uçuşların bərpa olunmaması ictimai iaşə, turizm və nəqliyyat kimi sektorlara mənfi təsir etməklə bu sektorlardan əldə olunan qeyri-neft gəlirlərinin proqnozlaşdırılan səviyyədən az icrası riskini yaradır.

Bu baxımdan pandemiyanın ölkə iqtisadiyyatına və dövlət büdcəsinə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün müvafiq tədbirlərin davam etdirilməsi məqsədilə növbəti illərin dövlət büdcəsinin səhiyyə xərclərində məqsədli vəsaitlərin ayrılması nəzərdə tutulub.

Nazirlik: Gələn il icmal büdcənin kəsiri 5,2 mlrd. manat təşkil edəcək

2022-ci ildə icmal büdcənin gəlirləri 26 967,7 mln. manat, xərcləri 32 145,9 mln. manat həcmində proqnozlaşdırılır.

Maliyyə Nazirliyindən verilən məlumata görə, icmal büdcənin kəsiri isə 5 178,2 mln. manat səviyyəsində gözlənilir.

Qeyd edilir ki, 5 178,2 mln. manat məbləğində gözlənilən icmal büdcə kəsirinin 2025-ci ildə 2 283,5 mln. manata qədər azalacağı proqnozlaşdırılır ki, bunun da səbəbləri növbəti illərdə dövlət büdcəsinə yönəldilən transfertin, son nəticədə Dövlət Neft Fondunun xərclərinin, həmçinin dövlət büdcəsi kəsirinin azalmasıdır.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 328,9 mln. manat olub, xərcləri isə 12 752,4 mln. manat məbləğində icra olunub. İlin ilk altı ayında faktiki olaraq 2 576,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.

2022-ci ildə təhsil xərcləri 12,4 faiz artırılacaq

Gələn il dövlət büdcəsində proqnozlaşdırılan təhsil xərcləri açıqlanıb.

Bu, Maliyyə Nazirliyinin 2022-ci il dövlət büdcəsi ilə bağlı proqnozunda əksini tapıb.

Qeyd edilib ki, 2022-ci ildə təhsil sektorunda 111 tədbiri əhatə edən 17 proqramın həyata keçirilməsi üçün 3740,0 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 462,3 milyon manat və ya 12,4 faiz çoxdur.

Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri açıqlanıb

Gələn il dövlət büdcəsinin xərclərinin 15,5 faizi müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılacaq.

Bu, Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Azərbaycan Respublikasının 2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.

Azərbaycanda pensiya sisteminin üzləşdiyi əsas çağırışlar açıqlanıb

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığa nail olmaq mümkün olmayıb.

Bu, Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2020-ci ildə 3564,0 milyon manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 21,6 faiz və ya 632,6 milyon manat çox, 2021-ci ilin 6 ayında isə 1839,8 milyon manat olub ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,7 faiz və ya 131,2 milyon manat çoxdur: “Bununla belə, hələ də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığa nail olmaq mümkün olmayıb və növbəti illərdə də Fondun büdcəsinin dövlət büdcəsi hesabına balanslaşdırılmasının davam etdirilməsi nəzərdə tutulur.

Eyni zamanda, dünya göstəriciləri ilə müqayisədə ölkəmizdə demoqrafik meyllər müsbət olsa da, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində artan sığorta kapitalına uyğun məcburi sosial sığorta üzrə maliyyə mənbələrinin olmaması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbətinin (2020-ci ildə 1,5 nəfər) qənaətbəxş olmaması (pensiya sisteminin dayanıqlılığı baxımından bu nisbətin ən azı 3/1 olması məqbul hesab olunur), uzunmüddətli dövrdə yaşlı əhalinin xüsusi çəkisinin və gözlənilən orta ömür müddətinin artması, həmçinin mövcud pensiya təyinatı şərtlərinin (sosial sığorta normativlərinin və sığorta stajına olan tələbin hazırkı səviyyəsinin) səmərəli əvəzetmə əmsalına və onun əməkhaqqı məbləğinin yüksəlməsinə mütənasib artımına imkan verməməsi pensiya sistemi qarşısında duran əsas çağırışlardır”.

2022-ci ildə məhkəmə və hüquq-mühafizə orqanlarına 2 mlrd. manatdan çox vəsait ayrılacaq

Gələn il dövlət büdcəsinin xərclərinin 8,38 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərclərinə ayrılacaq.

Bu, Maliyyə Nazirliyinin 2022-ci il dövlət büdcəsi ilə bağlı proqnozunda əksini tapıb.

Başqa sözlə, gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 2 milyard 428 milyon 367,1 min manat vəsait ayrılacaq.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.

Gələn il büdcədə proqnozlaşdırılan sosial xərclər açıqlanıb

Gələn il dövlət büdcəsinin xərclərinin 12,37 faizi sosial müdafiə və sosial təminata ayrılacaq.

Bu, Maliyyə Nazirliyinin 2022-ci il dövlət büdcəsi ilə bağlı proqnozunda əksini tapıb.

Başqa sözlə, gələn il səhiyyə sahəsinə 3 milyard 584 milyon 408 min manat ayrılacaq.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.

Maliyyə Nazirliyi: Vergi və gömrük güzəştlərinə yenidən baxılacaq

Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin, həmçinin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq güzəştlərə yenidən baxılacaq.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli qərarı ilətəsdiq edilmiş “Vergi vəgömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydası”na əsasən, güzəştlər üzrə büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin, həmçinin Nazirlər Kabinetinin 2020-ci il 03 noyabr tarixli 436 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi qaydaları”na əsasən, güzəştlərin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq ortamüddətli dövrdə vergi və gömrük sahəsində güzəştlərə yenidən baxılmasına dair təkliflər sentyabrın 15-dək Nazirlər Kabinetinə təqdim ediləcək.

Bu, “Büdcə sistemi haqqında” Qanunun 11.15-ci maddəsinə əsasən, növbəti büdcə illəri üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə təqdim ediləcək.


 

.