
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində dindirilən Əhməd Əhmədov bildirib ki, hərbi xidmətə yararsız yazılmaq üçün 22 min manat pul verib:
"Mən xaricdə magistratura təhsili alırdım. 2024-cü ilin noyabrında qədər mənə hərbi komissarlıq tərəfindən möhlət hüququ verilmişdi. May ayında məni hərbi komissarlığa dəvət etdilər. Onlara hələ möhlət hüququmun olduğunu, xaricdə təhsil aldığımı, imtahanlarının olduğunu desem də xeyri olmadı. Daha sonra abutirent vaxtında tanış olduğum Abdullaya müraciət etdim Onun atası hərbi komisar olub. Onunla birlikdə Xəzər rayon Hərbi Komissarlığında gəldik. Ramin Şükürovla görüşdük. Belimdə və gözümdə olan problemləri ona dedim. Söhbət əsnasında dedilər ki vəziyyətə baxacağıq. Bir müddət sonra məni Sabunçudakı poliklinikaya dəvət etdilər, müayinələrdən keçdim. Sonra Qobuda Səfərbərlik xidmətinin müayinələridən keçdim. Abdulla 22 min manat pula bu işin həll olunacağını dedi. Mən də 22 min manatı Bilgəh qəsəbəsində Abdullaya verdim. O pulu Ramin Şükürova verəcəyini bildirdi. İyun ayında mənə hərbi xidmətə yararsız olan bilet verdilər".
Daha sonra prosesdə Araz Məmmədov şahid dindirilib.
O bildirib ki, Yasamalda kafe işlədib:
"Kafeyə səfərbərlik xidmətində işləyən Bəhram Cəlilov gəlirdi. Mənim də ofisiantım Rəhmanın qohumunun əsgərlik problemi var. Mən Bəhramdan xahiş etdim ki, uşağı əsgərlikdən saxlamağa kömək eləsin. O, da dedi rəislə (red: Həmin vaxt Ramin Şükürov Yasamalda işləyib) danışacaq. Bir neçə gün sonra gəldi ki, 8 min manat istəyirlər. Dedim ki, imkanları yoxdur. Bir müddət sonra 6 min manat istədi. Biz də razılaşdıq. Pulu Bəhrama mən verdim".
Şahid sualları cavablandıran zaman hərbi komissarın kim olduğunu, Bəhram Cəlilovun pulu kimə verdiyi bilmədiyini deyib.
Araz Məmmədovun istintaq ifadələri elan olunan zaman bəlli olub ki, bu iş altından sonra ona hamam qonaqlığı verilib: "Həmin qonaqlığa Bəhram gəlməyib. Mən, Fariz və işi düzəldilən oğlan olub. İş həll olunandan sonra hamamda istirahət etmişik".
Proses oktyabrın 1-də davam edəcək.
Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.
Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
.