Rusiya və Ukrayna dron istehsalı üçün lazım olan komponentləri Çində eyni istehsalçılardan əldə edir.
Bu barədə “Financial Times” nəşrinin araşdırma yazısında danışılır.
Məlumata görə, həm Rusiya, həm də Ukrayna dron istehsalı üzrə öz imkanlarını sürətlə artırır və əsasən Çin istehsalı olan detallarından istifadə edir. Bunun əsas səbəbi Çin komponentlərinin Qərb analoqlarından təxminən üç dəfə ucuz olmasıdır. Nəticədə tərəflər tez-tez prosessorlar, kameralar və mühərrikləri eyni Çin təchizatçılarından alırlar.
Nəşrə müsahibə verən Ukraynanın ən böyük dron istehsalçılarından biri olan “TAF Industries” şirkətinin qurucusu Aleksandr Yakovenko bildirib ki, Çin zavodlarına etdiyi çoxsaylı səfərlər zamanı müəssisə rəhbərlərinin onun gəliş və gediş vaxtlarını dəqiqələr və hətta saniyələr səviyyəsində planlaşdırdığını müşahidə edib.
Onun sözlərinə görə, bəzi hallarda zavod rəhbərliyi ondan bir müddət yaxınlıqda gözləməyi xahiş edib, onu yan girişlərdən, xidməti dəhlizlərdən və ya boş konfrans zallarından keçirib. “Financial Times” yazır ki, bu tədbirlər ukraynalı və rus nümayəndələrin eyni məkanda qarşılaşmasının qarşısını almaq məqsədi daşıyır.
.
