Fransa prezidenti Emmanuel Makron ilk dəfə rəsmi olaraq 1944-cü ildə Qərbi Afrika əsgərlərinin öldürülməsini qətl adlandırıb.
Bu barədə xarici KİV E.Makronun Seneqal hökumətinə ünvanladığı məktuba istinadən məlumat yayıb.
Məktubda o, baş verənləri faciə adlandırıb və faciənin bütün həqiqətlərinin müəyyən edilməsinin vacibliyini vurğulayıb.
1944-cü il dekabrın 1-də İkinci Dünya Müharibəsi zamanı Fransa ordusu tərəfində döyüşən 400-ə qədər Qərbi Afrika əsgəri güllələnib. Buna səbəb əmək haqqının ödənilməməsi nəticəsində baş verən üsyan olub. Ölənlərin əksəriyyəti "Tirailleurs Senegalais" ("Seneqal atıcıları") müstəmləkə piyada korpusunun üzvləri olub.
Seneqal Prezidenti Bassiru Diomaye Faye məktubu şərh edərkən bildirib ki, bu addım Tiaroydakı hadisələr barədə həqiqətin üzə çıxması üçün qapı açmalıdır.
"Fransa etiraf etməlidir ki, əmək haqqı tələb edən əsgərlər və atıcılar arasındakı qarşıdurma qətliama gətirib çıxaran hadisələr zəncirini yaradıb", - Makronun məktubunda bildirilib.
O, həmçinin professor Mamadu Diuf tərəfindən rəhbərlik edilən Faktların Bərpası Komitəsinin işinin faciənin səbəblərinin öyrənilməsi istiqamətində mühüm addım olacağını vurğulayıb.
Makronun bu addımı Fransa ilə Qərbi Afrikadakı keçmiş müstəmləkələri arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir. Seneqalda son seçkilərdə hakim PASTEF partiyası səslərin böyük əksəriyyətini qazanıb. Yeni prezident Fay fransız şirkətləri də daxil olmaqla xarici şirkətlərdən iqtisadi müstəqillik əldə etməyi hədəfləyib.
B.Fay, həmçinin Seneqalda Fransa qoşunlarının mövcudluğu mövzusuna toxunub: "Çin və ya Rusiya kimi başqa bir ölkənin ordusunun Fransa ərazisində hərbi bazaya sahib olmasını təsəvvür etmək çətindir”.
.