Azərbaycan Fransanın "Total” neft şirkətinin "Şahdəniz” qaz-kondensant yatağındakı 10 faizlik payını ala bilər.
Yenizaman.az saytı xəbər verir ki, bu barədə ARDNŞ-in investisiyalar üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
O, təsdiq edib ki, "Total” "Şahdəniz”dəki 10 faizlik payını satmaq niyyətində olduğunu çatdırıb, lakin şirkətin bu qərarı hələ rəsmən qeydiyyatdan keçməyib. "Total”ın "Şahdəniz”i tərk etməyə hazırlaşdığı barədə məlumat ilin əvvəllərində yayılmışdı.
"Məlum olduğu kimi, "Statoil” şirkətinin 10 faizlik payı ARDNŞ və BP arasında bölüşdürüldü. "Total” şirkəti də öz payını satmaq niyyətini elan edib. Ola bilsin hazırda bu istiqamətdə danışıqlar gedir və layihənin bütün iştirakçıları, o cümlədən ARDNŞ bu payı ala bilər. Bizim şirkət əlbəttə ki, bu payı almaq istərdi, ancaq hər şey maliyyə mənbəyindən, daha doğrusu, dövlət büdcəsindəki vəsaitlərdən asılı olacaq. Belə ki, Türkiyə də "Total”ın 10 faizlik payını almağa maraq göstərir” - deyə vitse-prezident bildirib.
Hazırda "Şahdəniz”də "Statoil”un 15.5 faiz, ARDNŞ-in 16.7 faiz, BP-nin 28.8 faiz, LOKoil, "Total” və NİCO-nun hər birinin 10 faizlik payı var. Türkiyənin TPAO şirkəti isə 9 faizlik payla təmsil olunub.
Qeyd edək ki, bu günlərdə "Statoil” şirkətinin "Şahdəniz”i tamamilə tərk etməyə hazırlaşdığı, o cümlədən "Əsrin müqaviləsi”indən çıxmaq niyyətində olduğu barədə xəbər yayılmışdı. Mövcud tendensiya onu göstərir ki, Avropanın enerji şirkətləri "Şahdəniz-II” layihəsinə və bu yataqdan hasil olunacaq qazı Türkiyə üzərindən Avropaya nəql edəcək TANAP və TAP kəmərlərinə yatırım qoymağa risk etmək istəmirlər.
.
