Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən mülki müdafiə qərargah rəisləri və ya onlara bərabər tutulan şəxslərin iştirakı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiə qərargah rəisləri və ya onlara bərabər tutulan şəxslərlə mülki müdafiə üzrə 2025-ci ilin yekunları, 2026-cı ildə qarşıda duran əsas vəzifələr və hədəflər” mövzusunda toplantı keçirilib.
200-ə yaxın müvafiq vəzifəli şəxsin iştirak etdiyi toplantının keçirilməsində məqsəd 2025-ci ildə mülki müdafiə sahəsində keçirilən tədbirlər, bu sahədə əldə olunan nailiyyətlər barədə məlumatlar vermək, eləcə də nöqsanların aradan qaldırılması yollarını müzakirə etməkdən, həmçinin 2026-cı ildə mülki müdafiə sahəsində qarşıda duran vəzifələri müəyyənləşdirmək ibarət olub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçən Vətən oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Mülki müdаfiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin rəisi mayor Şərif Əsədov çıxış edərək 2025-ci ildə mülki müdafiə sahəsində görülən işlər, bu sahədə əldə olunan nəticələr, qeydə alınan nöqsanlar, 2026-cı ildə qarşıya qoyulan əsas məqsədlər və tələblər barədə danışıb. Fövqəladə hallara operativ reaksiya verilməsi məqsədi ilə xəbərdarlığın təşkili, eləcədə, əhalinin mühafizəsinin təşkili mexanizmi barədə aidiyyəti vəzifəli şəxslərə ətraflı məlumat verib.
Toplantıda Mülki müdаfiə işinin təşkili şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Məmmədov müəssisə və təşkilatlarda mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, Naxçıvan Muxtar Respublikasının 2026-cı il üçün Mülki Müdafiə Tədbirləri planı əsasında müəssisələrin illik mülki müdafiə tədbirləri planının hazırlanmasın, icrası və bu tədbirlərin hüquqi aspektləri barədə iştirakçıları məlumatlandırıb.
İnteraktiv formada keçirilən toplantı zamanı tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb, 2025-ci ildə mülki müdafiə sahəsində keçirilən təlim və məşqlərin videomaterialları nümayiş etdirilib.
.
