Ölkə daxilində istehlak edilən buğdanın 44, südün 23,8, mal ətinin 13,5 faizi idxalın payına düşür; Əhalinin 38 faizinin aqrar sektorda çalışmasına baxmayaraq, ərzaq bazarının idxaldan asılı olması təəccüb və təəssüf doğurur.
Dövlət Statistika Komitəsi 2013-cü il üçün ərzaq balansı barədə rəsmi hesabatı açıqlayıb. Hesabata əsasən, bir sıra yerli kənd təsərrüfatı və sənaye qida məhsulları üzrə təminat səviyyəsi aşağıdır. Məcmuə beş bölmədən ibarətdir: bitkiçilik məhsulları; heyvandarlıq məhsulları; sənaye mənşəli ərzaq məhsullarının ehtiyatları; özünü təmin etmək, idxaldan asılılıq səviyyəsi. Hesabat 2007-2013-cü illərin statistik göstəricilərini əhatə edir.
Hesabata görə 2013-cü ildə buğda balansı 4 milyon 364,8 min ton olub. Bu, 2012-ci ildəkindən 9,5 faiz çoxdur. Buğda istehsalı (1 milyon 846 min ton) idxalından 395 min ton çoxdur. Ərzaq istehsalı üçün 2 milyon ton buğdadan istifadə edilib. Bu 2012-ci ilin göstəricisindən 21 faiz çoxdur. Ölkə üzrə buğda itkisi yüksək olaraq qalır - 271 min ton. Buğda idxalından asılılıq 2013-cü ildə 0,8 faiz artaraq 44 faizə çatıb.
Mal əti ilə daxili ehtiyacların ödənilməsi 2013-cü ildə azalaraq 86,5 faizə çatıb. Mal əti istehsalı 140 min ton təşkil edib. Quş əti istehsalı artıb: 2007-ci ildə tələbatın 30 faizi idxal hesabına təmin edilib, 2013-cü ildə isə bu göstərici 3,8 faizə enib. 2013-cü ildə ölkədə 100 min ton quş əti istehsal edilib.
Rəsmi statistikaya görə, 2007-ci illə müqayisədə süd və süd məhsulları istehlakı 792 min ton artaraq 2013-cü ildə 2 milyon 548 min tona çatıb. Bunun 76,2 faizi yerli istehsal hesabına təmin edilib. Bu, 2012-ci ildəkindən 3,4 faiz çoxdur.
Göründüyü kimi, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər yenə də açıq qalır. Hökumətin bu istiqamətdəki səylərinə baxmayaraq, qida təhlükəsizliyi daha çox xarici faktorlardan asılıdır.
«2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nda xüsusi olaraq qeyd edilir ki, dövlət əhalinin ərzaqla tam təminatını ödəmək üçün 2015-ci il üçün dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmalı və proqramda göstərilən 2015-ci ildə 2,8 milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət istehsalı 340 min ton, süd və süd məhsulları istehsalı 2,4 milyon ton olmalıdır. Sənaye üsulu ilə illik quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır.
Bu proqramlar çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında müəyyən irəliləyişlər qeydə alınmışdır. Lakin Azərbaycanda hələ də əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına kifayət qədər həcmdə təminatı hələ ki mümkün olmamışdır.
Ərzaq məhsullarının idxal statistikası da ərzaq təhlükəsizliyi ilə bağlı həll olunmamış ciddi problemlərin qaldığını göstərir. 2013-cü ildə Azərbaycan dünyanın 147 ölkəsi ilə idxal-ixrac əməliyyatları aparıb. İdxal-ixracda özünə daimi yer tutan məhsullardan biri də ərzaqdır. Ötən il Azərbaycana idxal olunan malların 18,9 faizini ərzaq məhsulları təşkil edib.
Hələ də əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına kifayət qədər həcmdə təminatı mümkün olmayıb. Daxili ərzaq bazarının idxaldan asılılığının səviyyəsi yüksək olaraq qalmaqdadır. Hökumətin bir sıra istiqamətlərdə əlavə səylər göstərməsinə ciddi ehtiyac yaranıb. Aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, maarifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə görülən tədbirlər, əldə olunan nəticələr ciddi təhlil olunmalı və innovativ təşəbbüslər irəli sürülməlidir. Dövlət tərəfindən kifayət qədər maliyyələşmə və güzəştlərin tətbiqinə baxmayaraq, əldə olunan nəticələr tələbat və gözləntilərə adekvat deyil.
Qidalanmada idxaldan asılılıq ölkənin ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Ərzaq təhlükəsizliyi ölkənin bütövlükdə iqtisadi təhlükəsizliyinin əsas komponentidir. Ən başlıcası isə əhalisinin 38 faizinin aqrar sektorda çalışmasına baxmayaraq, ölkənin ərzaq bazarının idxaldan asılı olması təəccüb və təəssüf doğurur. İnkişaf etmiş ölkələrdə məşğul əhalinin cəmi 2-3 faizi aqrar sektorda çalışır və bunun qarşılığında nəinki daxili tələbat tam ödənilir, hətta ixrac da edilir. "Analoqsuz inkişaf edən” ölkənin hökuməti bu barədə ciddi düşünsə yaxşı olar.
.