"KİV-in məlumatına görə, Ermənistanla Azərbaycan sərhəddində azərbaycanlı əsgər ölüb. Bu nə Olimpiya barışığı oldu?" Yenizaman.az-ın verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb. Həmsədr Ermənistan tərəfini ittiham edərək "olimpia sülhü" razılaşmasını pozduğunu qeyd edib.
Xatırladaq ki, fevralın 6-da saat 18.40-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olmuşdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Quliyev Eşqin Firəddin oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Halbu ki, Soçi Olimpiadası ərəfəsində, Azərbaycan və Ermənistan prezidentləri Qarabağ cəbhəsində atəşkəs rejiminə riayət etmək vədi vermişdilər. Bu məlumata münasibət bildirən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter” səhifəsində yazmışdı: "Yaxşı xəbərdir. Azərbaycan və Ermənistan prezidentləri əsasən də Soçi olimpiadası vaxtı Dağlıq Qarabağ cəbhəsində atəşkəs rejiminə əməl etməyi öhdələrinə götürüblər”.
Rusiya Xarici İşlər Nazirliyi də Olimpiya ilə əlaqədar bütün münaqişə iştirakçılarına müraciət edib və bütün münaqişə iştirakçılarını "Olimpiya sülhü" elan etməyə çağırıb. Bəyanatda bütün dünya ölkələrinə müraciət olunub:
"Rusiya Federasiyasında 7-23 fevralda və 7-16 mart 2014-cü il tarixlərinə Soçi şəhərində XXII Olimpiya XI Paraolimpiyada qış oyunları keçiriləcək. Qış Olimpiadasının təşkilatçı kimi Rusiya Federasiyası bütün münaqişə iştirakçılarını israrla sülhə çağırır. Bu müddət ərzində "olimpiya sülhü" elan edək. İlk növbədə bizim çağırışımız Suriyada qanlı münaqişənin tərəflərinə yönəldilib.
"Olimpiya sülhü" dünyada münaqişə iştirakçıları tərəfindən qan tökülməsinə, mülki əhalinin əzablarına son qoymağa və BMT nizamnaməsində yer alan prinsiplər əsasında böhranların həlli üçün siyasi prosesin başlanılmasına imkan verəcək".
Bununla belə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan ordusunun Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar. Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
.
