"Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.
Onun sözlərinə görə, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.
APA-nın əldə etdiyi məlumata görə, R. Mirqədirov ermənilərlə iş birliyində günahlandırılır. Onun Azərbaycan dövlətinin məlumatı olmadan Ermənistana səfər etdiyi və ölkədə bir sıra görüşlər keçirdiyi bildirilir.
Hüquq müdafiəçisi E. Behbudov isə Azərbaycan və Ermənistan arasında danışıqlar aparmaq səlahiyyətinin yalnız ölkə başçısına məxsus olduğunu deyib: "Bilirsiniz ki, ermənilər Azərbaycanın 20 faiz torpağını işğal edib və ölkələr arasında müharibə hələ bitməyib. Belə olan şəraitdə iki dövlət arasında danışıqları yalnız ölkə başçıları apara bilər”.
E. Behbudov yaxın günlərdə R. Mirqədirovla görüşəcəyini deyib.
***
Aprelin 19-da Türkiyədən deportasiya olunan "Ayna”-"Zerkalo” qəzetlərinin jurnalisti Rauf Mirqədirovun Bakıda həbs olunduğu təsdiqləndi. Mirqədirov dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. Bu barədə vəkil Fuad Ağayev məlumat verib.
"Bu gün Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən müstəntiq İbrahim Lənbəranski zəng vurub dedi ki, Rauf Mirqədirov dünən hava limanında Cinayət Məcəlləsinin 274-cü maddəsilə şübhəli şəxs qismində saxlanılıb. Rauf Mirqədirov hüquqlarını mənim müdafiə etməyimi istəyib. Sabah müstəntiqlə birlikdə onunla görüşəcəyik”, - deyə vəkil bildirib.
Fuad Ağayev deyib ki, həbsi MTN həyata keçirib və Mirqədirov hazırda MTN-də saxlanılır. Jurnalist dövlət əleyhinə casusluqda şübhəli bilinir.
Cinayət Məcəlləsində 274-cü maddəyə görə (dövlətə xəyanət) 10 ildən 15 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
.
