Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apararaq İstanbulda Rusiya Federasiyası ilə növbəti görüşü müzakirə edib.

Yenizaman Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan nümayəndə heyətləri arasında baş tutan görüşlərdən sonra liderlər səviyyəsində görüşlərin keçirilməsinə çağırıb.

Onlar həmçinin Ukrayna, Rusiya, Türkiyə və ABŞ liderləri səviyyəsində dördtərəfli görüşün təşkili imkanlarını da müzakirə ediblər.

Ərdoğanın Zelenski ilə telefon danışığı zamanı həmçinin Türkiyə ilə Ukrayna arasındakı ikitərəfli əlaqələrin, regional və qlobal hadisələrin müzakirə edildiyi bildirilir.

Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, Türkiyənin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, İstanbulda danışıqlarda razılaşdırılan məhbus mübadiləsinin qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu bildirib.

İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirəsinin sülhə zəmin yaradacağını vurğulayan Ərdoğan, hər iki ölkənin güclü nümayəndə heyətləri ilə görüşə qatılmasının sülh yolunda veriləcək qərarın davamı üçün vacib olduğunu bildirib.

.