Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün getdiyi Haaqada ABŞ Prezidenti Donald Trampla görüşüb.

Bu barədə Türkiyə Prezidentinin Dəftərxanası məlumat yayıb.

"Görüşdə Türkiyə ilə ABŞ arasında münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan ABŞ prezidentinin səyləri nəticəsində əldə olunan İsrail və İran arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb və bunun daimi olmasını arzulayıb.

O, Qəzzada baş verən humanitar faciənin qısa zamanda dayandırılması və Rusiya - Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün sıx dialoqun vacibliyini vurğulayıb", - Dəftərxananın bəyanatında deyilir.

Həmçinin qeyd edilir ki, hər iki lider NATO-nun çəkindirici potensialının gücləndirilməsi üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. “Prezident Ərdoğan hər iki ölkənin müxtəlif, xüsusən enerji və investisiya sahəsində böyük potensiala malik olduğunu və əməkdaşlığın inkişaf etdirilməsinin, xüsusilə də müdafiə sənayesində ümumi ticarətin 100 milyard dollarlıq hədəfə çatmasına töhfə verəcəyini bildirib”, - Dəftərxanadan bildirilib.

.